Külli miqdarda müxtəlif növ narkotik aşkarlandı

kulli-miqdarda-muxtelif-nov-narkotik-askarlandi
Oxunma sayı: 944

Bakıxanov qəsəbəsində yaşayan əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş R.Mürsəlovun yaşadığı evdə keçirilən əməliyyat tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, R.Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Bundan başqa, Astara şəhər sakini, əvvəllər narkotkiklərlə bağlı cinayətə görə məhkum olunmuş M.Əliyev saxlanılıb. Ondan çəkisi 6,2 kiloqram tiryək götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş rayon sakini X.Qarayevə narkotiki satmaqda şübhəli bilinən Beyləqan rayon sakini E.Məmmədov saxlanılıb, ondan 1,3 kiloqrama yaxın marixuana götürülüb.

Sabirabad RPŞ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.Qasımovun həyətyanı sahəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.