Kür çayında suyun sərfi azalıb

kur-cayinda-suyun-serfi-azalib
Oxunma sayı: 651

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, may ayının I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 35 m3/san azalaraq 466 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 2, Ağstafaçayda fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

May ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri isə 4 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.50-5.83 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Nigar Məmmədli