Lənkəranskinin düşmənləri tətikdə

lenkeranskinin-dusmenleri-tetikde
Oxunma sayı: 663




"Ded Hasan"a sui-qəsddə suçlanan, "Rövşən Lənkəranski" kimi tanınan azərbaycanlı "oğru" Rövşən Canıyevi isə aradan götürmək istəyən "oğru"ların sayı artmaqdadır. Onların istisnasız olaraq hamısı "Ded Hasan"ın dəstəsindən olanlardır.

Milli.Az Lenta-ya istinadən bildirir ki, Rusiyanın bir çox bölgələrinə "nəzarət edən" kriminal elementlər və "oğru"lar da "Ded Hasan" və "Rövşən Lənkəranski"nin adamları arasında qarşıdurmanın hədsiz dərəcədə gərginləşdiyini, tərəflərin faktiki olaraq bir-birlərinə müharibə elan etdiklərini deyirlər.

Vəziyyətdən Rusiyadakı gürcü "oğru"lar da yararlanmaq fikrindədirlər. Onlar yanvarın 27-də Rusiyadakı bütün həbsxanalara "proqon" yollayaraq yazıblar: "Oğrulara həyat! Məhbuslar! Biz "oğru"lar qarşısında Rostov vilayətindəki vəziyyətə Lyova Martiros, Krasnodarda isə Dato cavab verir! Məhbuslar! Diqqətli olun və ümumi evimizdə parçalanmaya yol verməyin. Sutkanın 24 saatı əlaqədəyik. Bütün məsələlərlə bağlı suallarınızı verin".

Lakin Rusiyadakı Ust-Labinsk islah düşərgəsində saxlanan "Paşa Kozır" kimi tanınan "oğru" gələn "proqon"u alandan sonra başqa məhbuslara xəbər vermək əvəzinə, "Ded Hasan"ın adamı "Vadik Krasnodarskiy" ləqəbli Vadim İvanenko ilə məsləhətləşib, sonra da kağızı yandırıb.

Nəticədə gürcü "oğru"lar "proqon"u yandıranlara ağır cəza verəcəklərini deyiblər.
Bununla bağlı olaraq Rusiyanın cənubundakı həbsxana və islah düşərgələrində gərginlik artıb, davalar başlanıb, qiyam təhlükəsi var.

"Ded Hasan"ın dəstəsinə başçılıq edən "Miron" ləqəbli Dmitri Çanturiya, "Timur Sverdlovski" ləqəbli Temuri Mirzoyev, "Vasya Voskres" ləqəbli Vasili Xristoforov, "Onik" ləqəbli Qadi Kaloyan və "Valera Kurd" ləqəbli Valeri Farizov Birləşmiş Ərəb Əmirliklərində "sxodka", yəni "oğru toplantısı"na hazırlaşırlar.

Eyni zamanda onlar "Rövşən Lənkəranski"yə qarşı yeni plan qurublar. Belə ki, "Ded Hasan"ın adamları Rusiya DİN-dəki kanallarını işə salıblar.

Rosbalt bildirir ki, Rusiya DİN-i Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanlarına "Rövşən Lənkəranski" ilə bağlı dosye yollayıblar.

BƏƏ polisi də "Rövşən Lənkəranski"dən ölkəni tərk etməyi tələb edib.

"Ded Hasan"ın adamlarının "Rövşən Lənkəranski" ilə bağlı məsələyə tam aydınlıq gətirmək üçün "Laşa Rustavski" ləqəbli Laşa Şuşanaşvilinin də "söz"ünü gözlədikləri iddia olunur.
Fəqət "Laşa Rustavski" Yunanıstanda həbsdədir. Gürcüstan və Rusiya onun ekstradisiyasını tələb edir.