Londonıstanın meri

londonistanin-meri
Oxunma sayı: 1737

Nadir Qocabəyli

Böyük Britaniyanın paytaxtı Londonun mer seçkisində Pakistan əsilli Sadiq Khan qalib gəlib. ABŞ-dakı internet saytlarından biri Xanın seçilməsini “Londonistanın birinci müsəlman meri” sərlövhəsi ilə salamlayıb.

Bu gün səhərdən feysbukda fəal olan bəzi qərbpərəstlər və islam təəssübkeşləri bunu fövqəladə bir hadisə kimi qələmə verməklə məşğuldurlar. Birincilər bu hadisəni Qərb demokratiyasını təntənəsi, ikincilər isə müsəlmanların böyük uğuru kimi qiymətləndirirlər.

Ancaq hər iki yanaşma bir qədər, amma bəlkə də xeyli dərəcədə eyforikdir. Bəs merin özünün seçilməsi necə, hansısa taktiki və strateji məqsədlərə hesablanmayıb ki? İlk baxışda belə bir sual doğur: əgər xalq seçibsə, burada hansı hesablamadan söhbət gedə bilər? Elə isə, gəlin araşdıraq.

Əvvəla, bu hadisə bir müsəlmanın xristian aləmində yüksək vəzifə tutmasıyla bağlı ilk deyil. Ən böyük örnək ABŞ prezidenti Barak Obama, ən yaxını isə elə həmin Böyük Britanıyanın ölkəmizdə hazırkı səfiri İrfan Sıddıqdır. ABŞ prezidentinin müsəlmanlığı bir növü elə bizim bəzi soydaşlarımızın müsəlmançılığına bənzəyir, yəni mövsümidir. Səfirimizə gəldikdə isə, onun bir-iki çıxışına qulaq asmışam və tərəddüd etmədən deyə bilərəm ki, istənilən ingilisdən daha çox ingilisdir. Amma birinci faktı artıq islamda reformasiyanın başlanmasıyla (özü də ABŞ-da yox, bizdə), ikincini də müsəlman olmağın milliyyətə heç bir dəxlinin olmamasıyla izah etmək mümkündür. Nəyi izah etmək mümkün deyil ki?

İkincisi, çox da eyforiyaya qapılmaq lazım deyil. Hansı dindən olmasının nə fərqi var, əsas odur ki, yaxşı kadr olsun. Mer, ya da səfir olmağın dini mənsubiyyətə nə dəxli var?

Üçüncüsü, ABŞ, İngiltərə, Fransa kimi gəlişmiş ölkələrdə hətta prezidentin belə bir şəxs olaraq kimliyinin əhəmiyyəti elə də böyük deyil. O ölkələrdə onların hamısı adətən, rus demişkən, "ставленник" olur. Yəni kiminsə, ya da hansısa dairələrin müəyyən məqsəd və ya məqsədlər üçün vəzifəyə oturtduğu adam. Bu ənənənin Qərbdə, xüsusilə də, ABŞ və İngiltərədə dərin kökləri var. Teodor Drayzer öz əsərlərində bu məsələyə geniş yer ayırıb.

Dördüncüsü, bu adam İngiltərədə doğulub. Orda tərbiyə alaraq yetişib. Şərqli olduğu üçün çox güman ki, hər hansı ingilisdən daha sözəbaxan və üzüyoladır. Onun mer olması müsəlmanlara da yaxşı təsir bağışlayacaqsa, terrorla ideoloji mübarizədə müəyyən rol oynayacaqsa, niyə də olmasın?

Və sonuncusu, əgər sabah bizdə Bakının meri vəzifəsinə bir xristian təyin olunsa, görəsən, bu gün eyforiyada olanlar bunu necə qarşılayarlar?

Dediklərimizi əsaslandırmaq üçün müsəlman merin şəxsiyyətinə, Qərbdəki, İngiltərədəki icrimai-siyasi duruma qısaca göz atmaqda yarar var. Sadiq Xanın 45 yaşı var, valideynləri pakistanlı olsa da, özü İngiltərədə doğulub, böyüyüb, təhsil alıb. Müxalifətdə olan leyboristlər partiyasından parlament üzvüdür. Həyat yoldaşı ingilisdir. Bəzi qəzetlərin yazdığına görə, Sadiq Xan İslamı öz kimliyinin bir hissəsi adlandırır, yəni bizimkilər və Barak Obama kimi tam müsəlman olmadığını demək istəyir. Parlamentdə homoseksual nikahlara səs verdikdən sonra həm mühafizəkarlardan, həm də islamçılardan ölüm hədələri alıb. Britaniya müsəlmanlarının radikallaşmasınını qarşısını “içəridən” almağa çalışacağını vəd edib.

Qəzetlər hər səkkiz londonludan birinin müsəlman olduğunu, onun başqa Avropa paytaxtlarını populist antimiqrant sentimentinin bürüdüyü bir vaxtda seçilməsini Londonun həqiqətən də çoxmədəniyyətli simasının təsdiqi kimi qiymətləndirirlər. Mətbuat belə bir məqama da diqqət yetirir ki, Sadiq Xan bu posta Brüssel və Parisdə İŞİD tərəfindən törədilmiş terror aksiyalarının ardınca seçilib və bunun özü də islamçı ekstremistlərə aşkar mesajdır. Lakin hadisənin bu qədər geniş rezonans doğurması müqabilində Xanın səlahiyyətləri dünyanın başqa şəhərlərindəki, xüsusən də, ABŞ-dakı bələdiyyə başçılarının nüfuzu qədər güclü olmayacaq. Bəzi siyasi şərhçilərin fikrincə, hazırda Britaniyada əsas siyasi partiyalar növbəti mərhələdə özlərinə qaradərili liderlər seçmək taktikası üzərində işləyirlər.

Vəssalam!