Maşınında siqaret çəkə bilərsən...

masininda-siqaret-ceke-bilersen
Oxunma sayı: 1854

Dünya Sakit

Yaşadığım yer şəhərdən xeyli uzaqdır – bu üzdən hər gün uşağı məktəbə qoyandan sonra işə çatmaq üçün taksidən istifadə etməli oluram. Taksi olmayanda da adətən şəhərə gələn minik avtomobillərindən biri ilə gəlirəm. Belələri uzun yolun benzin xərcini çıxartmaq üçün yoldan 3-4 sərnişin götürüb, hərəsindən 1 manat alırlar.

Nə isə, sözüm bunda deyil... İki-üç gün əvvəl səhər işə gedərkən belə ruslar demiş, “po puti” gedən bir avtomobilə 4 qadın əyləşdik. Beş dəqiqə keçməmiş maşın sahibi siqareti yandırıb qoydu damağına. Təəccüb və qəzəblə ona baxdığımı görüb “bibi, icazə verirsiz də?” soruşdu. Özümdən asılı olmayaraq “yox, icazə vermirəm, maşınında dörd qadın var, bu nə hərəkətdir” dedim. Deyəsən, bu mədəniyyətsizliyin yaratdığı qəzəbi ən yaxşı halda məndən 5-6 yaş kiçik olan kişinin “bibi” müraciəti daha da artırmışdı. Cavabı nə olsa yaxşıdı: “Pəncərəni açmışam da, tüstüsü sizə gəlmir...”  

Maşındakı digər qadınlar da etiraz etdikdən sonra siqareti yarıya qədər sümürüb sonra söndürdü, sifətini turşutmağı da unutmadı. Adam anlaya bilmədi ki, tüstüsü gəlmirsə də belə, bütün sərnişinləri qadın olan avtomobildə siqaret çəkməyin özü bir kişi üçün ədəbsizlikdir. Üstəlik, əgər sən bu qadınların ən azı birini “bibi” deyəcək qədər özündən yaşlı sayırsansa, hərəkətin beşqat ədəbsizlikdir.

Əslində bu kimi hallarla tez-tez qarşılaşıram. Amma taksilərdə deyil, məhz yolüstü sərnişin yığan sürücülərdə. Hər dəfə də etirazımı bildirirəm. Hətta bir dəfə yaşlı bir kişi “50 ildir çəkirəm bu zəhrimarı, neyləyim, dayanammıram” desə də, yenə təkid edib siqareti söndürməsinə nail oldum. Hesab edirəm ki, on beş dəqiqəlik yola çıxırsansa, ya dözməlisən, ya da işini ehtiyatlı tutub əvvəlcədən siqaretini çəkib sonra maşına oturmalısan. Marşrut avtobusu deyil ki, “vaxtım yoxdur, qrafikə əməl etməliyəm” deyib keçəsən. 

İnsan orqanizmində yaranan elə bir xəstəlik yoxdur ki, siqaret onun meydana gəlməyində “iştirakçı” olmasın. Ürək-damar, tənəffüs yolları, mədə-bağırsaq sistemi xəstəliklərinin demək olar ki, hamısında ilk önəri siqaretin dayandırılmasıdır. Yəni bir şey ki, cana bu qədər zərər verə, ondan istifadə etməyin adı yoxdur. Kimsə bu zərərli vərdişə sahibdirsə, ən azından başqalarını da öz zəhərinə şərik etməməlidir.

Nə qədər acı da olsa, siqaret aludəçiliyi məktəbli uşaqlar arasında da çox genişlənib. Bəlkə də mən indi fərqinə varıram, amma uşağı məktəbə aparanda gördüyüm yeniyetmələrin bir çoxunun  sonra küçədə-bayırda əlində siqaretlə rastıma çıxması tez-tez olur. Bəzən siqaret çəkənin azyaşlı olduğunu düşünüb təəssüflənirəm, sonradan həmin uşağı məktəbdə görürəm. Ən çox təəssüfləndiyim haldır, eyni zamanda o uşağın valideyninin halına acıyıram. Bilirəm ki, oğlan uşaqları ilə baş etmək, onları nəzarətdə saxlamaq çox çətindir, xüsusilə yeniyetməlik yaşında: özünütəsdiq ehtiyacının yarandığı dövründə. Amma valideynlərin məhz bu yaşda övladlarına diqqət göstərməsi, onların yalnız siqaret deyil, digər zərərli vərdişlərdən də uzaq olması üçün bütün imkanlarını səfərbər etməsi son dərəcə vacibdir. Düşünürəm ki, bu, uşağı yedirib-geydirməkdən daha əhəmiyyətlidir.

Bir də ətrafdakıların reaksiyası çox vacibdir – azyaşlıya siqaret satana etiraz, siqaret çəkən yeniyetmənin valideynlərinə xəbərdarlıq etməkdən çəkinmək lazım deyil. Bir uşağın siqaretdən uzaqlaşması qələbələrin ən böyüyü olar...