Dövlət Muğam Teatrının solisti, əməkdar artist Ədilə Əflaki-Nəzərli “Qafqazinfo”ya müsahibə verib. Əli hər yerdən üzülən sənətçi son çarə olaraq mətbuata müraciət etmək qərarına gəlib. O, illərdir üzləşdiyi və həll edə bilmədiyi problemlərdən ürək yanğısı ilə danışıb.
Öncədən qeyd edək ki, Ədilə Əflaki-Nəzərli məşhur qarmon ifaçısı Ələkbər Nəzərlinin nəvəsidir. Musiqi sənətimizin ustad sənətkarlardan biri olan Ələkbər Nəzərli Opera və Balet Teatrının solisti olub. Əlli ildən çox qarmonu ilə musiqi sevərlərin ruhunu, zövqünü oxşayıb. Görkəmli musiqiçilərimiz Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyli, Bülbül və başqaları Ələkbər Nəzərlinin sənətkarlığını yüksək qiymətləndiriblər. Üzeyir bəy onu “Koroğlu” operasının premyerasını müşayiət edən musiqiçilər heyətinə daxil edib. Ələkbər Nəzərlinin qardaşları - Mehdi Nəzərli Azərbaycanda ilk balaban ifaçısı sayılır, Nəcəfqulu Rasim Nəzərli isə rəssam olub, İncəsənət Muzeyində əsərləri qorunur. Heydər Əliyev Fondunun buraxdığı Dövlət Muğam Ensiklopediyasında Nəzərlilər haqqında material və fotoşəkillər öz əksini tapıb. Dövlət Ensiklopediyasında isə Ədilə xanım da daxil olmaqla Nəzərlilər soyadından olan yeddi incəsənət nümayəndəsi işıqlandırılıb.
Əflaki onun vaxtilə Gəncədə ailə qurduğu həyat yoldaşının soyadıdır. Övladları kiçik olanda həyat yoldaşı vəfat edib. O vaxtdan iki oğlunu tək böyüdüb. “Azkonsert” Birliyinin solisti olaraq bütün bölgələrdə konsert verib. Qarabağ savaşı başlayan gündən cəbhə bölgələrində çıxış edib. Hazırda Müdafiə Nazirliyində N saylı dövlət qeydiyyatlı hərbi arxivi qorunub saxlanılır. “Azkonsert” Birliyi fəaliyyətini dayandırandan sonra Dövlət Muğam Teatrına işə götürülüb. 42 ildir milli musiqi mədəniyyətimizə xidmət edir.
- Ədilə xanım, problemlərinizin olduğu məlumdur. Hazırda durumunuz necədir?
- 7 ildir qapı-qapı gəzən insanın durumu necə ola bilər? Acınacaqlı. Döymədiyim qapı qalmayıb daha. Artıq özüm də usanmışam. Hətta intihar etmək həddinə çatmışam. Mənim günahım nədir axı? Nəyə görə heç bir şəraiti olmayan və yaşayış üçün təhlükəli olan 16 kvadrat metrlik evdə zülm çəkməliyəm? 42 illik sənət fəaliyyətimə görəmi, ya atəş sədaları altında öz cibimin vəsaitilə əsgərlərimizin qarşısına çıxdığıma görəmi? Mən birinci Qarabağ müharibəsi iştirakçısıyam. 1918-ci ildə əslən Qərbi Azərbaycandan olan altı ailəmin bütün üzvlərini ermənilər məhv edib, ona görə də şəhid ailəsi sayılıram. Bundan başqa 31 yaşlı əlil övladım himayəmdədir. Özüm də Muğam Teatrından 80 manat maaş alıram. Bu pulla ev təmir edim, xəstə uşağa baxım, yoxsa dolanım? 80 manatla dolanmaq mümkündümür? Güzəranım da, səhhətim də ağırdır. Əməliyyat olunmalıyam, amma pulum yoxdur. Evim qəzalı vəziyyətdədir, istilik sistemi yoxdur, elektrik cərəyanları açıqdır, armaturlar rütubətdən çürüyür. İllərdir paltarla yatıb qalxıram. Xəstə oğlum kiminsə yazığı gəlib verdiyi köhnə, spiralları çıxan divanın üstündə yatır.
- Yeri gəlmişkən, oğlunuzun səhhətində irəliləyiş varmı?
- Oğlum ulu öndərin dəfnində, eləcə də prezident İlham Əliyevin inaqurasiya mərasimində sarayın damında xidmət etdi. Bir az keçəndən sonra başından ayağının altına qədər dərisi soyulmağa başladı. Mayka ətinə yapışırdı, qanı döşəyinə damırdı. Bədənində dəri qalmamışdı. Millət vəkillərinə, Milli Məclisə çoxlu sayda məktublar yazdım. Mehriban xanım Əliyeva onu komissiyaya göndərdi. Oğluma əlillik dərəcəsi verdilər. Amma qüruruna sığışdırıb əlilik kağızını almağa getmədi. Kişi qeyətli Ruhəngiz xanım Heydərovanın köməyi və maliyyə vəsaitilə oğlum Türkiyədə alman klinikasında müalicə olundu. Uşağımı Ruhəngiz xanım həyata qaytardı. Şükür, indi dərisi yaxşı olub, hazırda əyninə paltar geyinə bilir. Onun bütün dərmanlarını, şampun və sabunlarını Ruhəngiz xanım alır. Xüsusi şampun və sabunlardan istifadə etməlidir ki, dərisi tamam açılmasın. Bu adam hər il müalicə olunmalıdır, xüsusi pəhriz saxlamalıdır. Mən 80 manatla bunu necə edim?
- Ev şəraitinizlə bağlı aidiyyatı orqanlara müraciət etmisiniz yəqin...
- Müraciətlərimin sayı-hesabı yoxdur. Əvvəla onu deyim ki, bu 16 kvadrat metrlik mənzil mənə 2 min kvadrat metr sahəsi olan baba mülkünün əvəzində verilib. İndiki İsmayıl Qutqaşınlı 17 ünvanında babam Ələkbər Nəzərlinin 2 min kvadrat metr ərazisi olan mülkü yerləşirdi. Dövlət Muğam Ensiklopediyasının 17-ci səhifəsində həmin mülkün şəkli var. Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu oranı İsa bulağı adlandırırdılar. Mən də, iki övladım da həmin mülkdə dünyaya gəlmişik. Amma 1981-ci ildə Nazirlər Kabineti baba mülkümüzü bir saatın içində yerlə yeksan etdi. Şəhərin mərkəzi Qarabağ ərazisi deyildi axı, bizimlə bu cür düşmən kimi rəftar etsinlər. Bizə əvvəldən xəbərdarlıq da olunmadı. 2 min kvadrat metr sahəsi olan şəxsi mülkimiz əlimizdən alındı. Yerində Nazirlər Kabinetinin yaşayış binası tikildi. Azərbaycanda hallallıq deyilən bir söz var. 2 min kavdrat metrlik mülkün əvəzində orda yaşayan 8 ailəyə ümumilikdə 184 kvadrat metrlik ev verildi. Böyük Vətən Müharibəsi əlili olan atama qardaşımla birlikdə iki otaqlı, mənə isə bu 16 kvadrat metrlik mənzili verdilər. O vaxt buna görə çox etiraz etdim. Dedilər ruslar edib. İndi ki ruslar yoxdu.
7 ildir başda prezident İlham Əliyev olmaqla bütün aidiyyatı orqanlara çoxsaylı məktub və teleqramlar göndərmişəm. Prezidentin saytına təkrar məktublar, adına teleqramlar, müraciətlər göndərmişəm. Mehriban Əliyevaya, Ramiz Mehdiyevə, Fatma Abdullazadəyə, Oqtay Əsədova, Əbülfəs Qarayevə, Ədalət Vəliyevə, Əli Həsənova, Artur Rəsizadəyə, Abid Şərifova, Elçin Əfəndiyevə, Hacıbala Abutalıbova, Hicran Hüseynovaya, Aynur Sofiyevaya, Araz Ağalarovun saytına, Nizami Cəfərova, Qənirə Paşayeva, Hacı Madərə müraciət etmişəm. 60-a yaxın da rədd cavabı gəlib mənə. Onu da vurğulayım ki, prezidentə yazdığım çoxsaylı məktublarıma müsbət cavab verildi. Prezident Administrasiyasının humanitar şöbəsində evlə təmin olunmağım haqqında 15913 saylı məktub var. Amma bəzi məmurlar onu icra etmir. Ona görə də halalca evimi ala bilmirəm. O məktubu Fatma Abdullazadə Bakı şəhər İcra Hakimiyyətinə göndərməlidir, amma illərdir göndərmir. İcra Hakimiyyətindən deyirlər, məktub bura daxil olarsa, 3 gün ərzində icra etməliyik. Amma daxil olmur. Bir neçə dəfə Prezident Administrasiyasının humanitar şöbəsində olmuşam. Orda da deyirlər ki, ev məsələsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı olmalıdır.
- Bəs nazirlikdə nə deyirlər? Nazir Əbülfəs Qarayevin qəbulunda olmusunuz heç?
- Mən bu neçə illər ərzində nazirin qəbuluna düşə bilmirəm. Müavini Ədalət Vəliyev qəbul edib və deyib ki, evlə, mənzillə təminat bizlik deyil. Amma Bakı şəhər İcra Hakimiyyətində müraciətlərimə cavab olaraq bildiriblər ki, məhz nazir təqdimat verməlidir. Prezident Administrasiyasında da deyiblər ki, təqdimatın gəlsin, sənədini icra hakimiyyətinə göndərək. Nazir isə təqdimat vermir. Əgər mənim nazirim necə yaşadığımı bilmirsə, prezident necə bilsin? Bunu prezidentə nazir çatdırmalıdır da. Buna nazirin səlahiyyəti çatır da. Nazirin qəbuluna düşmək isə mümkün deyil.
Mədəniyyət sahəsində ögey-doğmalıq var. Aygün Kazımovanın hər səsini prezidentə çatdıran məmur var, ancaq güllə qabağına gedən, 16 kvadrat metrlik otağa sığınan, dövlətçiliyimizə xüsusi xidmətləri olan şəxsiyyət nəvəsinin səsini çatdırmırlar. Prezidentimizin müvafiq sərəncamları var ki, ağır yaşayışı və son dərəcə az məvacibi olan incəsənət xadimləri ev və mükafatlarla təmin olunsunlar. Amma bu, mənə şamil olunmur nədənsə. O adamlara ki ev, mükafat verilib onların bəziləri vaxtilə Rusiyada restoranlarda iş adamlarının kölgəsində himayələnərək pullar qazanıblar. Mən isə onda cəbhə bölgələrində çıxış edirdim. Onda yanımda nə bir sənət dostumu tapdım, nə də məmurların dayağını gördüm. Cəbhə bölgələrindəki fəaliyyətimlə də nazirliyin adına başıucalıq, şərəf və ləyaqət gətirirdim. Bu idi mənim haqqım? O müğənnilər Rusiyadan qayıdandan sonra hər şeylə təmin olundular. Sual doğur: evə heç bir ehtiyacı olmayan müğənninin təqdimatını verirlər, bəs mənimkini niyə vermirlər? Mənim ki acınacaqlı durumum göz qabağındadır.
Mən prezidentimizdən razıyam. Mənim narazılığım məmurlardandır. Problemlərimi prezidentə çatdırmırlar, onun tapşırıqlarını icra etmirlər. Məmurlarımızda haqq-ədalət, qanun, rəhm, vicdan tapılmır. Mənə veriləcək ev bir çox məmurların villasının hasarının bir piltəsinin qiymətinədir. Hazırda qonşuluğumda bir çox məmurlar dolu olan evlərinin qapılarını bağlayıb gediblər. Ya da evləri 18-20 yaşlı övladlarına hədiyyə edirlər. Nə üçün məmur 18 yaşlı oğlunu evləndirə bilir, mən 31 yaşlı oğlumu evləndirmək üçün sığınacaq axtarıram? Necə olur ki, Orenburqda “Çornıy delfin” deyilən qəsəbədə ömürlük məhkumların hər birinə 20 kvadrat metr yaşayış sahəsi düşür. Mənim payıma düşən, yaşayıb yaratdığım künc isə 3 kvadrat metrdir. Məhz buna görə də bəzi qəzetlər yazır ki, 42 il dövlətçiliyə xidmət edən, müharibədə könüllü iştirakçı olan Ədilə Əflaki-Nəzərli 3 kvadrat metrlik kamerada yaşayıb yaradır. Bugünkü acınacaqlı yaşayışımla qanunları işləməyən, lakin adı zəngin ölkələr siyahısında gedən Azərbaycanın müflis vətəndaşı, anası və sənətkarı kimi Ginnesin “Rekordlar” kitabına düşə bilərəm.
Artıq çox çarəsiz, çıxılmaz vəziyyətdəyəm. Nə edəcəyimi bilmirəm. Bəlkə başqa ölkələrdən sığınacaq istəməliyəm? Onda qoy nazirim mənə tur paket hədiyyə eləsin ki, başqa ölkəyə gedə bilim. Çünki bilet almağa da pulum yoxdu. Amma mən Azərbaycanı, vətənimi heç yerə dəyişmək, tərk etmək istəmirəm axı. Doğma torpağımı necə tərk edim? Azərbaycanda doğulmuşam, xidmət etmişəm, burda da öləcəm. Sadəcə mənə normal şərait yaratsınlar. Son çarə olaraq mətbuata müraciət edirəm. Bəlkə mətbuat vasitəsilə səsim lazımi orqanlara çatar və mənə haqqım olan evimi verərlər.
Xəyalə