Mənasız qısqanclıq

menasiz-qisqancliq
Oxunma sayı: 2150

Xuraman Hüseynzadə

Mina orta məktəbdə məndən bir sinif yuxarı oxuyub. Çəkdiyi rəsmlər məktəbin divar qəzetini bəzəyirdi. Hamı onun rəsmlərindən danışırdı. Bütün müsabiqələrdə birinci yerin şəriksiz və şəksiz qalibi o idi. İnanırdıq ki, Mina gələcəyin məşhur rəssamı olacaq.

İllər keçdi, Mina adlı rəssam yetişmədi. Bəlkə də yaxşı həyat yoldaşı idi Mina, yaxşı gəlin, yaxşı ana...

Bu yaxınlarda sosial şəbəkədə məktəbli oğlunun profilindən məktub yazdı mənə. Özündən, ailəsindən söz açdı. Bir zamanların tanınmış yeniyetmə rəssamı bu qabiliyyətindən bir cümlə də olsun, yazmadı. Məktəbli oğlunun profilindən yazması əslində hər şeyi deyirdi. Həmən an başa düşdüm ki, məktəbi bitirən kimi ailə quran Mina bu səbəbdən istedadını içində boğub...

Xeyli yazışdıqdan sonra bildim ki, əri çox qısqanc olduğundan onu bu sevdadan çəkindirib. Rəssamlıq arzularını ürəyində qoyub. Uzun müddət söz-söhbət düşüb ailələr arasında. Axırda Mina, taleyinə boyun əyməli olub. Ər tərəfin arqumenti bu olub ki, sən heç nə çəkə bilmirsən, səndən rəssam olmaz, otur, ailənə-uşaqlarına bax, arvad nədi, rəssamlıq nədi və s.

İnsanın öz istedadını içində boğmasının necə bir hiss olduğunu soruşdum. “Arzular sadəcə intihar edir. Bir az yas saxlayırsan, sonra yadından çıxır-eynilə insan kimi ölür arzular. İndi yalnız uşaqların rəsm dərsinə kömək etməklə kifayətlənirəm. Dəhşətli hissdir-sən səmalara can atırsan, səni bir təpiklə vurub uçurumun dibinə atırlar. Və qanadların, həvəsin olduğu halda ömür boyu uçurumun dibində eşələnməli olursan ”- təxminən belə yazdı...

Patrik Züskindin “Dərinlik həsrəti” adlı hekayəsi var. Gənc rəssam qadının ilk sərgisində pis niyyəti olmayan, onu ürəkləndirmək istəyən bir tənqidçi deyir ki, gördüyünüz iş istedadla, zövqlə görülüb, amma sizdə hələ dərinlik çatışmır. Bu dərinlik söhbəti rəssam qadını depressiyaya salır. O, ha fikirləşir, onda niyə dərinliyin çatışmadığını və onda çatışmayan həmin dərinliyin nə olduğunu tapa bilmir. Axırda özünü 139 metr hündürlükdən atıb intihar edir...

Minanın ölən arzuları Patrik Züskindin rəssamının intiharını xatırlatdı.

Həmin dərinlik yalnız dayaz düşüncəli istedad qatillərinin beynində çatışmır.

Ölümün belə ucuzlaşdığı vaxt bir də istedadı intihara sürükləməyin, cənablar! Bəlkə o istedadın qığılcımından nə qədər alovlar yüksələcək səmalara...