Mənzil bazarında qiymətlər stabil qalıb

menzil-bazarinda-qiymetler-stabil-qalib
Oxunma sayı: 642

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, son 6 ayın yekununu təhlil etdikdə satıcıların hələ də qiymətlərin artacağını, alıcıların isə bunun əksinə olaraq qiymətlərin azalacağını gözləməsi tendensiyası davam edib ki, bunun da nəticəsində paytaxtın ilkin mənzil bazarında qiymətlər stabilləşməyə meylli olub. Belə ki, yanvar ayından bu yana qiymət azalması yalnız 1,1% təşkil edib. Analitiklər ilkin bazar mənzillərinin qiymətlərinin hələ də yüksək olmasını və alıcıların alıcılıq imkanlarını böyük bir fərqlə üstələməsini əsas gətirərək 2011-ci il ərzində qiymətlərin hələ də düşəcəyi ehtimallarını söyləsələr də, ipoteka krediti bazarının davamlı işləməsi, yaşayış olan yeni tikililərin sənədləşməsi prosesinin başlaması mart ayından sonra alıcıların və satıcıların aktivliyini artıraraq bazara canlanma gətirib. Qiymətlər və bazarın aktivliyi, xüsusən də ucuz qiymətə satışa təklif edilən əmlakın qiyməti stabilləşməyə meylli olub.

Bahalı yeni tikililərin ekspozisiya müddəti hələ də yüksək olaraq qalmaqdadır ki, bu da bu tip mənzillərin qiymətlərinin və təklif həcminin bazarın real tələbinə cavab verməməsi ilə bağlıdır.

Aparılmış müşahidələr göstərir ki, alıcı yeni tikili almaq istədikdə ilk növbədə tikilinin tamamlanmasına, mülkiyyət hüququnu təsdiq edən sənədlərin mövcudluğuna, əmlakın yerləşdiyi ərazinin infrastrukturuna, sonra qiymətinə və daha sonra isə digər texniki göstəricilərinə fikir verir. Əvvəlki illərdə alıcı üçün şəhərin kənarında tikilən və heç bir infrastruktura malik olmayan yaşayış binaları ucuz olduğundan daha cazibədar görünürdüsə, son ildə baxışlar dəyişib, infrastruktur tələbi ön sıraya çıxıb.
Deyilənləri yekunlaşdıraraq və növbəti yarımillik üçün proqnoz verərkən qeyd etmək olar ki, istər mənzil tikintisi sektorunda, istərsə də əqdlərin bağlanmasında baş verəcək dəyişikliklər, növbəti mərhələdə əsasən dünya bazarında enerji daşıyıcıların qiymətlərinin artmasından asılı olacaq. Çünki hazırda da bir çox ölkələrdə daşınmaz əmlak bazarında baş verən proseslərin stabil şəkildə qalması tendensiyası davam etməkdədir.
Beləliklə son ayın araşdırmasına nəzərə salsaq, iyun ayında qiymətlərin stabil qalması qeydə alınıb. Bazara heç bir yeni tikili daxil olmadığından siyahı üzrə binaların sayı ötən aydakı kimi 434 ədəd olaraq qalıb. Müvafiq olaraq tikinti şirkətlərinin sayı da dəyişmərək 155 olub.

Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı iyun ayı üçün 64,9% təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Aparılan araşdırmalar zamanı iyun ayında qiymətlərin stabil qalması müşahidə edilib. Paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə hər kvadrat metr üzrə orta qiymət göstəricisi ötən aydakı kimi 1 kv.metr üzrə 839 manat olaraq qalıb. Ümumiyyətlə 2011-ci ilin əvvəli ilə müqayisədə qiymətlərin azalması 1,1% təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 0,2%, ötən illə müqayisədə isə 3,1% azalma ilə qeydə alınıb.

Orta qiymətdə (839 manat) heç bir dəyişiklik baş vermədiyindən qiymət indeksi də stabil qalaraq ötən aydakı kimi 321,4 səviyyəsində qərarlaşıb.

Nigar Məmmədli