“Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik”

merhele-kecmek-ucun-elimizden-geleni-edeceyik
Oxunma sayı: 1627

Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la cavab qarşılaşması öncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, serbiyalı mütəxəssislə müsahibəni təqdim edir:

- İlk oyunda ehtiyatlı oynadınız. Sabah yenə həmin oyunu izləyəcəyik?

- Bu, bizim üçün xarakterik oyundu. Hər iki komanda taktiki planda demək olar eynidi. Hesab etmirəm ki, ilk matçda məğlubiyyətə layiq idik. Hesab oyuna görə olmadı. Belə oyunlarda hər bir səhv həlledici ola bilər. Komandaların oyun üslubları təxminən eyni olduğundan, cavab matçında da eyni halın şahidi ola bilərik.

- İlk oyunda cəzalı futbolçunuz oldu. Abass İshalın xidmətindən Bakıda istifadə edə bilməmək problem yaradacaq?

- Hər bir futbolçu komanda üçün önəmlidi. Ancaq buna baxmayaraq, meydana 11 nəfərlə çıxmalıyıq. Bunun üçün alternativ varinatların olmalıdı.

- Bəs əsas kapitanınız Branko İliçin zədəsi oynamağa imkan verəcək?

- Bu, onun oyunöncəsi özünün necə hiss etməsindən asılı olacaq.

- İlk oyunda qırmızı vərəqə alan futbolçunuzla bağlı sual veriləndə, demişdiniz ki, həmin epizoda baxaraq fikir söyləyə bilərsiniz. İndi bu haqda nə deyə bilərsiniz? Hakimin qərarı düzgün idi?

- Artıq qərar verilib və deməyim bir şeyi dəyişmir. Ona görə bu haqda fikirləşmək istəmirəm. Həmin epizodu unudub, cəzalı futbolçumuzun yoxluğunda necə oynamaq haqda düşünməliyik.

- “Qarabağ”ın hansı oyununu izləmisiniz və rəqibə sürpriz edə biləcəksiniz?

- Demək olar bütün yoldaşlıq görüşlərinə baxmışam. Eləcə də “Qarabağ” bizim matçlara baxıb. Ancaq hesab edirəm ki, rəsmi oyunlarla yoxlama matçları fərqli olur. Sürpriz yox, mümkün olan ən yaxşısını etməyə çalışacağıq. Əmin ola bilərsiniz ki, mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, matçda mübarizə son saniyələrədək davam etsin.