Milli Qəhrəman Samir Xasıyevin xatirəsi anılıb

milli-qehreman-samir-xasiyevin-xatiresi-anilib
Oxunma sayı: 1218

Ötən gün Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevin anım günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, döyüş yoldaşları və yaxınları şəhidin torpağa tapşırıldığı ikinci Fəxri Xiyabana gələrək onun məzarını ziyarət ediblər. 

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Samir Xasıyevin keçdiyi döyüş yolundan danışılıb. Bu gün xalqımızda qələbəyə inam əzminin daha güclü olduğu və bu inamın prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin sayəsində daha da yüksəldiyi, tezliklə erməni faşizmi üzərində möhtəşəm qələbənin işğal altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyinə əminlik ifadə edilib.

Şəhidin yaxınları dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Samir 1993-cü ildə Fizulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak edib. O, düşmənin xeyli canlı qüvvəsini, tankını məhv edib.  Bu müddət ərzində bir neçə dəfə yaralansa da döyüş bölgələrini tərk etməyib. Ölümdən qorxmayan Samir bir neçə dəfə düşmən mühasirəsini yarıb əsgərlərimizi xilas edib. 

Leytenant tağım komandiri Samirin 1995-ci ildə son döyüşü Bakınin 8-ci km qəsəbəsində olub. 17.03.1995-ci ildə Samir Dövlət Çevrilişinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Samirin əməyini yüksək qiymətləndirilərək ona 04.04.1995-ci il tarixli fərman ilə Azərbaycanın Mlli Qəhrəmanı adı verilib.

Nərimanov rayonunda sabiq Montin adına mədəniyyət və istirahət parkına Samirin adı verilib. Həmin parkda büstü qoyulub.