Monopoliyanı dəstəkləyirəm

monopoliyani-destekleyirem
Oxunma sayı: 1868

Azər Qismət

Ola bilsin kimsə etiraz edəcək, amma mən monopoliyanı dəstəkləyirəm. İqtusadçılar da etiraf edir ki, monopoliyanın mənfi-müsbət tərəfləri var. Mənfi tərəfini müzakirə edənlər fikirlərini belə əsaslandırırlar ki, monopoliya iqtisadiyyatda sağlam rəqabət mühitini boğur. Onların sözlərinə görə əgər monopoliya olmasa ucuzluq yaranar, seçim azadlığı artar, sahibkarlıq subyektləri böyük gəlir əldə edər. Əgər nəzəriyyəyə üstünlük verirsinizsə, qoyun belə olsun.

İndi gəlin görək bizm sahibkarlar sağlam rəqabət mühitinə əməl edirmi, yaxud ucuzluq olurmu? Düzünü deyin, sonuncu dəfə nə vaxt görmüsüz ki, bayram ərəfəsində bazarda qiymətlər ucuzlaşsın? Bilirəm, yadınıza gəlmir. Əksinə, qiymətlər kəllə-çarxa çıxır. Çünki bizim sahibkar adamların xoş günlərindən iri qazanc götürmək planını işə salır. Dünyanın hər yerində görmüşük ki, bayram günlərində mağaza vitrinlərində “50-70 faiz endirim” yazılsın. Bizdə tək-tük hallarda yazılır. Yazanlar da əslində endirim adı ilə onsuz da öz xeyrini götürür.

Bizdə sağlam rəqabət mühiti alınmır, alınmayacaq da. Təsəvvür edin, dövlət başçısının sərəncamı ilə bölgələrdə iritutumlu soyuducular istifadəyə verildi. Həmin soyuducuları ona görə tikdilər ki, kənd təsərrüfatı məhsulları istehsalçıları becərdiyini ora təhvil versin. İstədiyi vaxt çıxarıb bazarda satsın. Nəticədə, qış fəslində də adamlar təzə-tər meyvələrlə təmin olunsun, ən əsası ölkədə ərzaq təhlükəsizliyi məsələsi həllini tapsın. Amma nə baş verdi? Soyuducunun sahibləri adamlardan meyvəni ucuz alıb yığdılar soyuducuya. Yeni il ərəfəsində özü çıxarıb TIR-larla vurdu Rusiya bazarlarına. Nəticədə, Azərbaycan istehlakçısının qışda meyvə-tərəvəzlə təminatı çətinləşdi. Burda qazanan ancaq o sahibkar oldu.

Yaxud, yadınıza gəlirsə, neçə il bundan əvvəl yumurtanın qiyməti 15 qəpik olmuşdu. Hətta bu problemi dövlət başçısı da qaldırdı. Əlbəttə, burada söhbət yumurtanın qiymətinin qalxmasından getmirdi. Prezident sahibkarların gizli sövdələşməsini qabardırdı. Məsələ milli sahibkarlarımızın öz aralarında anlaşdıqları “Kartel sövdələşməsi” barədə idi. Deməli, sahibkarlar öz aralarında qərara alıblar ki, “gəlin, yumurtanın qiymətini qaldıraq”. Sövdələşmə elə ertəsi gün qüvvəyə minib. Nəticədə mağaza-dükanlara alış-veriş üçün daxil olan alıcı görüb ki, dünən 8 qəpiyə olan yumurta, bu gün 15 qəpiyədir. Və istər-istəməz narazılıq yaranıb. Bundan kim əziyyət çəkdi? Əlbəttə ki, xalq. Əlbəttə ki, hakimiyyətin ünvanına ittihamlar səsləndi. Sizcə, bu cür sahibkarlara imkan vermək olarmı ki, istədiklərini etsinlər? Olmaz. Hansısa malın qiymətini qaldıranda ölkədə bahalıq, sonra xaos yarana bilər. Onlarla bacarmayanda monopoliya işə düşür. Və monopolist qiyməti istədiyi vaxt qaldırmağa cürət etmir. Çünki bu məsələni dövlət tənzimləyir.

Yaxud, dərman preparatlarının qiymətini götürək. Bir neçə ay bundan əvvələ qədər ölkəmizdə qeydiyyatdan keçmiş 200-ə qədər dərman deposu var idi. Hər bir depo müxtəlif ölkələrdən dərman gətirirdi. Ortaya məntiqli sual çıxır. Əgər bu qədər depo dərman gətirirsə, bəs hansı səbəbdən qiymətlərdə uculuq yaranmadı? Axı, nəyinsə bol olması sonda uzucluğa gətirib çıxarmalıdır? Hələ onu deyim ki, 4 ay bundan əvvəl böyrək xəstəliyinə aid lazımlı dərman birdən-birə yoxa çıxdı. Üstündən, 2 həftə sonra həmin dərman yenə apteklərdə göründü, özü də baha qiymətə. Məlum oldu ki, “dərman sahibkarlarımız” da “Kartel sövdələşməsi”nə gediblər. “Bəs, filan dərmanı müvəqqəti apteklərə buraxmayaq”. Sonda yenə də dövlət başçısı məsələyə qarışmalı oldu.

Ona görə də bayram günlərində qiymətləri ceyran belinə qaldıran, istədiyi vaxt sövdələşmələrlə məşğul olan əksər sahibkarlara bazar iqtisadiyyatına dair mühazirələr oxumaq kar etməyəcək. Burada vicdan məsələsi də böyük rol oynayır. Və bir də pullu adam çox oyun çıxarar, hətta ölkənin taleyini 180 dərəcə dəyişib kəllə-mayallaq da edər. Bilməməzlikdən yox, belə qəsdən. Hər şeyin nəzarət altında olması vacib məsələdir.