Nazir Dünya Bankının nümayəndəsi ilə müzakirələr apardı

nazir-dunya-bankinin-numayendesi-ile-muzakireler-apardi
Oxunma sayı: 657

Fevralın 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə qeyd olunub ki, Azərbaycan ümumilikdə, Dünya Bankı ilə birgə 50-dək layihə icra edib, 7 layihə üzrə işlər davam etdirilir. 

Bankla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təchizatı, tibb, ədliyyə və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə bir sıra layihələr, o cümlədən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub.

Şahin Mustafayev Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb.

Mersi Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini və Azərbaycanın digər ölkələr üçün örnək olduğunu qeyd edib. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.