Nazir Londonda Forumda iştirak edib

nazir-londonda-forumda-istirak-edib
Oxunma sayı: 646


"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısında Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək, ölkəmizdə bu sahədə aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışıb. 

Forum çərçivəsində nazir Əli Abbasov Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaizey, Pakistanın və Fransanın rabitə və informasiya texnologiyalari nazirləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib. 

Səfər zamanı nazir Əli Abbasov Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Livinqstonla da qarşılıqlı investisiya əlaqələrinin genişləndirilməsi və təşviqi məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, daha sonra London meriyasının rəhbərliyi ilə görüşüb.

 Bundan başqa, “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə əlaqələndiricisi Trudy Norris-Grey ilə keçirilən görüşdə istifadədə olan kompüter sistemlərinin leqallaşdırılması məsələləri barədə müzakirələr aparılıb və digər bir neçə texnoloji şirkət rəhbərləri ilə görüşlər keçirilib. 

Nazir Böyük Britaniyanin İmperial Kollecində kimya mühəndisliyi laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub, ölkəmizin müvafiq ali məktəblərində kadr hazırlığında belə laboratoriyaların təşkilinin vacibliyini vurğulayıb.

Daha sonra hər iki tərəfdən 150 nəfərin iştirakı ilə “Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu” öz işinə başlayıb. Forum Azərbaycanla Böyük Britaniya (BB) arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, ölkəmizdə bu sahənin inkişafı üçün mövcud olan imkanlar barədə Britaniya şirkətlərinin məlumatlığının artırılması, sahə üzrə təcrübə və innovasiyaları təşviq etmək məqsədi daşıyıb. 

“Dorchester Hotel”-də təşkil edilən forumun açılışında nazir Əli Abbasov, Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri giriş nitqi ilə çıxış ediblər.