Nazirlik KİV nümayəndələri üçün müsabiqə elan etdi

nazirlik-kiv-numayendeleri-ucun-musabiqe-elan-etdi
Oxunma sayı: 662

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak edə bilərlər. Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, video süjet isə 3 dəqiqədən az olmamalıdır. Məqalə Azərbaycan və ya rus dillərində, televiziya süjeti isə Azərbaycan dilində təqdim edilməlidir. Məqalə Azərbaycanda dərc olunan rəsmi nəşrlərin birində çap olunmalıdır və sonunda "İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" sözləri qeyd olunmalıdır.
Məqalənin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyası, video süjetlər isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 1 sentyabr 2011-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç., 40 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cu otaq), yazıların elektron forması isə [email protected] ünvanına təqdim edilməlidir.
Müsabiqəyə təqdim olunmuş məqalələr və video süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılmış Komissiya tərəfindən 1 oktyabr 2011-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək.
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq:
Birinci yer - 1 nəfər - 500 manat
İkinci yer - 2 nəfər - hər biri üçün 400 manat
Üçüncü yer - 3 nəfər - hər biri üçün 300 manat
Həvəsləndirici mükafat - 4 nəfər - hər biri üçün 150 (yüz əlli) manat.

Nigar Məmmədli