Nemət Pənahlı Ali Məhkəmədə

nemet-penahli-ali-mehkemede
Oxunma sayı: 650

Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı bu il yanvarın 8-də dostu Ceyhun Fərzullayevlə birgə tutulub. Onlar silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham ediliblər. İttihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər. İyunun 17-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlını 6, Ceyhun Fərzullayevi 4 il müddətinə azadlıqdan məhrum edib.

Samir İsayevin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış qərarından verdikləri şikayətə oktyabrın 11-də Ali Məhkəmənin Cinayət Kollegiyasında hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılıb: “Biz Nəsimi Rayon Məhkəməsinin hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdik. Apellyasiya instansiyasında məhkəmə istintaqının təzələnməsi və bəzi istintaq hərəkətlərinin aparılması, yeni ekspertizanın keçirilməsi və şahidlərdən birinin ifadəsinin hadisə yerində yoxlanılması haqda vəsatətlər verdik. Həmçinin həbs qətimkan tədbirinin dəyişdirilməsini istədik. Hakim vəsatətləri təmin etmədi və apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması qərarına gəldi. Biz də ilkin baxışın qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdik.

Oktyabrın 11-də keçirilən prosesdə Ali Məhkəmədə mən və Ceyhun Fərzullayevin vəkili Elçin Əliyev kassasiya şikayətini müdafiə etdik. Bakı Apellyasiya Məhkəməsinin baxış qərarının dəyişdirilməsini, şikayətə məhkəmə istintaqının təzələnməsi ilə baxılmasını istədik. Hakim bizi dinlədi, amma şikayəti təmin etmədi. Ali Məhkəmənin qərarı ədalətsiz və əsassızdır”.

Vəkilin sözlərinə görə, yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılması davam etdiriləcək: “Məhkəmə yalnız sübutlara qiymət verəcək. Amma Ali Məhkəmədə hakim bildirdi ki, prosesin gedişində ehtiyac yaranarsa, hansısa sübutlara məhkəmə istintaqının təzələnməsi ilə baxılması haqda vəsatət verə bilərsiz. Biz bu hüquqdan istifadə edəcəyik”.