Nərimanov rayonunda birinci rüblə bağlı hesabat iclası - Foto

nerimanov-rayonunda-birinci-ruble-bagli-hesabat-iclasi
Oxunma sayı: 990

Mayın 14-də “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari ilin aprel ayının 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Eyni zananda icra başçısı, hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyini bildirib. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 32 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirildiyi və 5 digər ünvanda isə bu prosesin sənədləşdirmə mərhələsində olduğu nəzərə çatdırılıb.

Eyni zamanda, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən 1380 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 15 səyyar görüş və qəbullar zamanı edilən 101 nəfərin müraciətinin dinlənilərək həll edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi, icrası zaman tələb edən məsələlərin nəzarətə götürüldüyü, həmçinin, Qaynar xətt-“1643” xidmətinə 126 müraciətin daxil olduğu, onlardan əksəriyyətinin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verildiyi qeyd edilib.

Hüseyn Mövsümov çıxış edərək dövlət başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlardan, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində əldə olunan nailiyyətlərdən danışıb və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. 

Nərimanov Rayon Sukanal İdarəsinin rəisi Elçin Bağırov, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin müdiri Məzahir Vəliyev və 6 saylı Uşaq poliklinikasının baş həkimi Naibə Məmmədova çıxışlarında olkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, əhalinin rifah halının yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. 

Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2019-cu ilin birinci rübündə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.