“O bina Anar Bağırovun şəxsi mülki deyil”

o-bina-anar-bagirovun-sexsi-mulki-deyil
Oxunma sayı: 2622

Vəkillər Kollegiyası qurum haqda sosial şəbəkələrdə çaşdırıcı məlumat yayanlara xəbərdarlıq edib. “Qafqazinfo” xəbər verir ki, VK-nın bəyanatında qeyd olunur ki, bu günlərdə sosial şəbəkələrdə qurumun Rəyasət heyətinin rəhbərliyi barəsində hər hansı faktiki əsası olmayan, yalan, böhtan və təhqir xarakterli məlumatlar yayılıb:

“Xüsusilə, həmin xəbərlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin icarəyə götürülmüş hazırki inzibati binasının Kollegiyanın sədri Anar Bağırovun şəxsi mülki olması, Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyi dövründə 1 milyon manatlıq vəsaitin yığılması və həmin vəsaitə münasibətdə bu gün qanunsuz istifadə hallarının mövcudluğu, yerli vəkil qurumlarında həmin qurumların hesabına deyil, Kollegiyanın hesabına müəmmalı təmir işlərinin aparılması və sair böhtan xarakterli, həqiqətə uyğun olmayan və ictimai fikrə mənfi təsir göstərən məlumatlar qeyd olunub.

Bildiririk ki, yuxarıda adları çəkilən böhtan və yalan xarakterli məlumatlar həqiqəti əks etdirmir və Vəkillər Kollegiyasının rəhbərliyinə ləkə yaxmaqla ictimaiyyətin Kollegiyaya olan etimadını və vəkil peşəsinin nüfuzunu sarsıtmağa hesablanıb.

Qeyd olunanları nəzərə alaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti yoxlanılmamış və ictimaiyyətin çaşdırılmasına səbəb olan məlumatları publik şəkildə yayan şəxslərdən ən qısa zamanda təkzib vermələrini tələb edir. Əks təqdirdə, Rəyasət Heyəti qanuna uyğun olaraq, həmin şəxslərə qarşı ölçü götürülməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir”.