“O veriliş AzTV-də yayımlanmayıb...” - Vüsalla bağlı açıqlama

o-verilis-aztv-de-yayimlanmayib
Oxunma sayı: 9876

AzTV-də yayımlanan Müasir Azərbaycan Gəncliyi (MAG) verilişi sosial şəbəkələrdə müzakirə olunan kadrlarla bağlı açıqlama verib.

MZ productionun rəhbəri Üzlüfət Qasımova “Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:

“O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, “MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”. 

Üzlüfət Qasımova həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir:

“Onun çox peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik”.

Qeyd edək ki, Rzasoyun oxuduğu “Ayə, harayə gedirsən ayə?” mahnısı müzakirələrə səbəb olmuşdu. 

***

“Həmin kadrlar efirə getmədi və bununla bağlı onlardan məlumat aldım.AzTV-nin həmin proqramı yayımlamamasından narahat olmadım. Sosial şəbəkələrdə müzakirə olunuram, bunlara da normal baxıram. Məsələyə qeyri-adi bir münasibətim yoxdur”.

Bu sözləri “Qafqazinfo”ya sosial şəbəkələrdə  ifası ilə müzakirələrə səbəb olan Vüsal Rzasoy deyib. 

O, verilişdə “Ayə, harayə gedirsən ayə?” mahnısını oxuma səbəbini də açıqlayıb:

“Bu mahnını oxumağa gətirən bir səbəb var. İnsanlar bölgələrdə ləhcə ilə danışanlarla zarafatlar edirlər. Amma mən isə bunun əksini göstərməyə çalışdım. Həmin regionlarda ləhcələrlə danışan insanların öz iç dünyasında bir fəlsəfə var. Biz onların daxili aləmi görmürük, nədən danışdıqlarını anlamırıq. Onların səslərinə qulaq asırıq, gülürük. Çünki onlar bizim kimi danışmır. Bu mahnıda onların daxili dərinliklərini göstərmək istədim”.