Oğruları tutdular

ogrulari-tutdular
Oxunma sayı: 651

Fevralın 6-da 37 saylı xətt avtobusunda Bakı şəhər sakini Hacıbala Hacıyevin cibindən 40 manat oğurlanıb. Yasamal RPİ CAŞ və 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Kərimov yaxalanıb və ondan 0,394 qram heroin aşkar edilib.

Fevralın 6-na keçən gecə Plotnikov küçəsində yaşayan Nicat Ələkbərova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılıb. Saat 01:00 radələrində Əmircan qəsəbəsi ərazisində avtomobili qaçıran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əsgərov avtoxuliqanlıq edərkən Suraxanı DYPŞ-nin əməkdaşları tərəfindən tutulub.

DİN ÇPA Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Hikmət Yusifov fevralın 6-da yaxalanıb.

Xəzər RPİ 3-cü və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Fuad Muradov fevralın 6-da yaxalanıb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Səlyan rayon sakini Musa Soltanov fevralın 6-da yaxalanıb. Müəyyən edilib ki, o, yanvarın 31-də Salyan şossesində Bakı şəhər sakini Hamlet Cahangirova bıçaqla hədə-qorxu gəlməklə 545 manat pulunu və mobil telefonu, fevralın 3-də isə sözügedən ünvanda Bakı şəhər sakini Famil Sultanovun 710 manatını və mobil telefonunu alıb.

Yanvarın 20-də Puta qəsəbəsində yerləşən, Rəşad Şükürova məxsus daş karxanasında kombayının tərkib hissələri sökülərək oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Nurlan Məmmədli fevralın 2-də, Bərdə rayon sakini Elmir Mustafayev fevralın 4-də, cinayətin digər iştirakçısı Yardımlı rayon sakini Çingiz Ağayev fevralın 6-da tutulub.

Fevralın 4-də Keşlə qəsəbəsində D.Aslan küçəsində Saatlı rayon sakini Sücəddin Səmədova kürək nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Vüsal Abdullayev fevralın 6-da tutulub.

Suraxanı RPİ NMB və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Mahir Rəfiyevdən 460 qram, Həsrət Misiyevdən 6 qramdan artıq və əvvəllər məhkum olunmuş Fəxrəddin Cəfərovdan 6 qrama yaxın marixuana aşkar edilib.