Öldürməyə adam axtarırlar...

oldurmeye-adam-axtarirlar
Oxunma sayı: 2441

Fərid Hüseyn

                                                                    Bir insanın ölümü ölüm, iki milyon insanın ölümü isə statistikadır.

                                                                                                                               Erix Mariya Remark

Cəmiyyətimiz çox aqressivləşib. Sanki çox adam tikan üstə oturub və nəsə pis bir xəbər gözləyir. O, xəbər gecikən kimi narahatlıq birə min artır. Mətbuat hərdən məhz “o xəbəri” – həmin “sakitləşdiricilik həbi”ni insanlara verir. Bundan sonra zəifləmiş bəzi ruhlar dirilir, pərvazlanır. İnsanlar daha xəbərdən başqa heç nə gözləmirlər...

Zarafatsız, ayda cəmiyyətimizdə ən azı 2-3 bədbəxt hal, - rüşvət, cinayət, əxlaqsızlıq və s. mövzular müzakirə mövzusuna çevrilməsə əksər çoxunun az qalar bağlı yarılsın. Mən bunu xarici ölkələrdə səfərdə olanda daha çox hiss edirəm. Bir də görürsən telefonla qurdalananda səfər yoldaşlarından biri dilləndi: “Gör bu gün nə baş verib, kimi tutublar, ölən-itən varmı?” Baxışlarını telefondan qaldırıb sual verən adamın üzünə dikəndə onun gözlərindəki hərislik aydın xəbərə verir ki, adam qurban axtarır. Eyni şövq və düşüncəylə də səhər saytları izləyir, axşam televiziya xəbərlərini gözləyirik...

Bizi ancaq ölüm-itim, ifşa, cinayət və s. maraqlandırır. Sanki cəmiyyətin əksər hissəsi bədbəxtlikdən, pis hadisədən başqa bir şey gözləmir.

Bəla orasındadır ki, artıq qurbanın kim olması önəmli deyil, təki qurbanlıq tapılsın. Özü də qurbanın aqibətinin 10-15 günə həll olunmasını gözləyirlər, müddət uzananda hadisələr insanlara maraqsızlaşır, bu növbəti qurbanın gecikməsi deməkdir onlar üçün. Həftə sonlarını cinayət xəbərlərinin icmalı ilə yekunlaşdıran, aylıq yol qəzaları statistikasını gözləyən, hər ilin sonunda ana dilindən 2 alan şagirdlərin sayı açıqlanan bir məkanda insanlar ancaq rəqəmlərə göz dikirlər.

Durum dəhşətlidir, əksər insanların psixologiyası zədələnib sanki, hamı qurban gözləyir, - növbəti rüşvətxor məmurun, növbəti ifşa olunacaq nazirin, dağılacaq təhsil sisteminin və s. Cəmiyyət sanki bir nazirin gedib yerinə başqasının gəlməsi, işlərin düzəlməsi haqda düşünmür, cəmiyyət istəyir ki, təki hansısa nazir getsin, yerinə lap Məmmədqulu gəlsin, ancaq kimsə qurban olsun/ Cəmiyyət qurban axtarır, xilas yox. İnsanlar elə bil rahat yaşamaq yox, ifşa etmək istəyirlər. Əksəri cəzalandırılan ən adi adamdan belə qisasının alındığını düşünüb sevinir...

Artıq heç bir xoş xəbər bizi sevindirə bilmir...

Yazını isə bu pritça ilə tamamlayıram...

“Bir dəfə müstəntiq müttəhimin baş-beynini o qədər aparır ki, axırda müttəhim bezib soruşur:

– Sizə həqiqət lazımdır, yoxsa günahkar?

“Günahkar” sözünü eşidən kimi gözləri dörd olan müstəntiq elə bilir ki, müttəhim artıq hər şeyi etiraf etməyə hazırdır. Sevincək dillənir:

– Günahkar, əlbəttə, günahkar.

Müttəhim sözünə belə davam edir:

– Əgər sizə günahkar lazımdırsa, O mənəm, yox, əgər həqiqət lazımdırsa, həqiqətən, mən günahkar deyiləm.