Ön cəbhədə "Ah Karabağ" konserti - - Fotolar

on-cebhede-quotah-karabagquot-konserti-
Oxunma sayı: 1206


"Qafqazinfo" xəbər verir ki, Türkiyənin tanınmış sənətçisi, “Ah Karabag” əsərinin müəllifi və ifaçısı Başkal millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və "12 May" Groupun dəvəti ilə Azərbaycana gəlib. Türkiyəli sənətçi Başkal “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində "Birlik və Bərabərlik" adı altında Ramazan bayramı münasibətilə konsert proqramı ilə ilk öncə ön cəbhə rayonlarından olan Tovuz rayonunda çıxış edib. Başkal bəy səhnəni Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahanla bölüsub. Konsertdə millət vəkilləri Qənirə Paşayeva, Etibar Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, N saylı hərbi hissənin polkovniki Mayıs Bərxudarov, "12 May" Groupun təsisçisi Hacı Səbuhi Rəcəb və digər ictimai xadimlər iştirak ediblər. Konserti Elza Seyidcahan "Ağ cicəyim" mahnısı ilə açaraq tamasaçıları salamlayıb.

Hər kəsi Ramazan bayramı münasibətilə təbrik edən tədbirin təşkilatçısı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva hər kəsə bütün dualarına çatmalarını diləyib. Ramazan ayı və bayramının hikmətləri barədə çıxış edən millət vəkili Qənirə Paşayeva hər bir azərbaycanlının özü ilə bərabər ölkəmiz və millətimiz üçün də dualar etdiyini vurğulayaraq deyib: “Bizim hamımızın dualarımızda ölkəmizin stabilliyi, onun daha da inkişafı, millətimizlə bağlı ən gözəl arzular xüsusi yer tutub. Hamımıza bu istiqamətdə dualarımıza çatmağımızı diləyirəm”.

Torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olması səbəbindən bayramları tam bayram dadında yaşaya bilmirik deyən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva “İnşallah gələn tədbiri və bayramı ümummilli lider Heydər Əliyevin dediyi kimi "bir millət iki dövlət" olan Azərbaycan və Türkiyənin vətəndaşları, qardaş-bacıları olaraq birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – deyib.

Daha sonra millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibətilə təşkil edilən bu konsert proqramında hər zaman Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna həssaslıq göstərmiş Türkiyənin görkəmli sənətçilərindən olan Başkalı səhnəyə dəvət edib. Millət vəkili bildirib ki, Başkal bəy bu tədbir və konsert üçün təsadüfən seçilməyib, Başkal bəy Azərbaycanda heç vaxt olmaya-olmaya özünü həm də azərbaycanlı sayır, millətimizin ağrı-acısını içtən paylaşır, Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna həssaslıq göstərən bir sənətçi olub, Qarabağa həsr etdiyi sözü və musiqisi özünə aid "Ah Karabag" adlı əsər bəstələmişdir. O, bir millət, iki dövlət düşüncəsində olan bir sənətkardır və Azərbaycana qarşı hər zaman böyük sevgi ilə çıxış edir."

“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib və "yaxından tanıdığı və ailə dostu olan Başkal bəyin bu gözəl konsertini Tovuz rayonunda veririk. İnşallah gələn konsertlərinizi birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə verəsiniz", - deyib.

Millət vəkilinin çıxışının ardından söz alan türk müğənnisi Başkal Azərbaycana və azərbaycanlılara olan sevgisini bir daha ifadə edib və onu Azərbaycana dəvət etdikləri üçün millət vəkili Qənirə Paşayevaya təşəkkürünü ifadə edib. Azərbaycanda, Tovuzda olmaqdan məmnun olduğunu, Azərbaycanı özünə vətən hesab etdiyini deyən türkiyəli sənətçi Başkal şəhidlərin ruhu qarşısında baş əydiyini söyləyib. Sənətçi çıxışını "Ne mutlu türküm deyene" mahnısı ilə başlayıb və tamaşaçılar arasında coşqu yaradıb. Ardından Qarabağa həsr etdiyi "Ah Karabağ" mahnısını ifa edib. Daha sonra Türkiyəli sənətçi "Memleketim", "Çırpınırdı qara dəniz" və bir neçə vətənpərvər ruhda mahnılar ifa edib. Sonra isə çıxışına davam etməsi üçün Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan səhnəyə yenidən təşrif buyurub və daha 2 mahnı oxuyub. Bunun ardından türk sənətçisinin təklifi ilə onlar səhnədə "Ala gözlüm", "Daşlı qala", "Qubanın ağ alamsı" kimi tanınmış mahnılarımızı duet şəklində canlı ifa ediblər. Həm Başkal bəyin solo ifalarını, həm də sənətçilərin duetlərini Türkiyədən gəlmiş musiqiçilər müşayiət ediblər. Konsertin sonunda millət vəkili Qənirə Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov üzərində " Dədə Xudu " yazılmış, Azərbaycanın və türk dünyasının qədim milli musiqi aləti olan sazı Başkal bəyə hədiyyə ediblər. Hədiyyəsindən çox məmnun olan türk sənətçisi "mən dünyada durduqca bu saz məndə olacaq"-deyə, ona göstərilən isti münasibətdən dolayı təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva isə "Azərbaycan tamaşaçılarının artıq gələn səfərinizdə sizdən bu sazda gözəl bir ifa gözləyəcəklərini", - deyib.

İki saat davam edən konsert xoş əhval-ruhiyyə ilə sona yetib.