Onlara deputat yox, vəkil lazımdır...

onlara-deputat-yox-vekil-lazimdir
Oxunma sayı: 2165

Seymur Verdizadə

Küçədə qarşıma çıxan hər beş nəfərdən ən azı üçü eyni sualı verir: “Siz vəkilsiniz?”

Cavab həmişə standart olur: “Yox, jurnalistəm”.

Mən, onların axtardığı adam olmasam da, söhbətimiz davam edir: “Vəkil Adəm Məmmədovun telefonunu mənə verə bilərsiniz?”

Yaşlı, xəstə adamlarla qarşılaşanda onların halına daha çox yanıram: “Sizi kim incidir? Əgər istəsəniz, probleminizi mətbuatda işıqlandıra bilərik”.

Hər də təxminən eyni cavabı alıram: “Ay oğul, bizimki yazmaqdan keçib. Yaxşı vəkil lazımdır ki, haqqın üzülməsinə imkan verməsin”.

Ölkədə məmur özbaşınalığı artdıqca, hüquqları pozulan insanların sayı da çoxalır. Vəzifəli şəxslər televiziyada göstərilən süjetlərə, qəzetlərdə dərc olunan məqalələrə əhəmiyyət vermədikləri üçün insanlar həmin adamlarla məhkəmə salonlarında çəkişmək məcburiyyətində qalırlar. Son illər vəkillik Azərbaycanda ən populyar peşələrdən birinə çevrilməkdədir. Ölkədə çox az sayda adam tapmaq mümkündür ki, indiyə kimi heç olmasa, bir dəfə hüquqları pozulmasın. Məhkəmələrin ədalətsiz qərarlar çıxaracağını bilsək də, yenə ümidimizi vəkillərə bağlayırıq. Bu, xəstənin həkimə müraciət etməsi qədər təbii prosedurdur.

Əvvəllər vəkil deyəndə insanın ağlına deputatlar gəlirdi. Çünki bu adamlar bizi inandırmışdılar ki, onlar millətin vəkilləridir. Amma zaman keçdikcə ən əfəl adam da başa düşdü ki, bu adamlar öz oğul-uşaqlarına, qohum-qardaşlarına vəkillik etməklə vəzifələrini bitmiş sayırlar. Düz-əməlli millət vəkili olan seçicinin pullu xidmət göstərən vəkilə nə ehtiyacı var? Təəssüf ki, həmin o düz-əməlli millət vəkillərinin sayı iki əlin barmaqlarını keçmir. Buna görə insanlar qapı-qapı düşüb vəkil axtarırlar ki, onların pozulmuş hüquqlarını müdafiə etsin.

Parlament seçkilərinə maraq nə qədər az olsa da, yəqin hamı bilir ki, noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. Siz indiyə kimi bu qədər maraqsız seçki prosesinə şahidlik etmisiniz? Kimin deputat, kimin spiker olacağı indi heç kimi maraqlandırmır. Əhalinin böyük əksəriyyəti başa düşür ki, yenə altı-yeddi nəfərdən başqa danışan, camaatın halına yanan olmayacaq. Parlament seçkilərinə marağın aşağı olmasının bir səbəbi var: ötən on-on beş ildə qanunverici orqana seçilən adamların 90-95 faizi millətə vəkillik edə bilmədilər, elə deputat olaraq qaldılar. Onlar millət vəkili ola bilmədikləri üçün bu gün camaat pullu xidmət göstərən vəkillərə müraciət edir. Hansı ki, çoxunun göstərilən xidmətin haqqını ödəməyə pulu da yoxdur...