“Onların məhvi qaçılmazdır” - Prezidentin çıxışına şərh

onlarin-mehvi-qacilmazdir
Oxunma sayı: 2624

“Ölkə prezidentinin söyləmiş olduğu fikirlər həqiqəti özündə ehtiva edir.  Bunu həm də onun uzaqgörənliliyinin təsviri kimi qiymətləndirmək və dəyərləndirmək lazımdır. Ermənistanın təcavüzkarlığını aradan qaldırmaq üçün 2003-cü ildən prezident seçiləndən üzü bəri keçən zaman kəsimində İlham Əliyev dəfələrlə bu fikri önə çəkib. Mən ölkə prezidentinin fikrini də birmənalı şəkildə dəstəkləyən insanam”.

Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Fəzail Ağamalı ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ötən gün iftar mərasimində söylədiyi fikirlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, prezident işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı son vaxtlar istisna olunmaqla  birbaşa hərbi imkanlardan istifadə olunmasını ifadə etməyib: “O, erməni xalqının  nəhayət öz mövqeyini götür-qoy edərək  düşüncəsinin dəyişməsinə hesablanan xətt götürüb. Bunun üçün Ermənistan  bütün faktiki regional layihələrdən kənarda qalıb və dalana dirənmiş bir vəziyyətə gətirilib. Belə olan vəziyyətdə  erməni xalqının vəziyyəti gün-gündən ağırlaşmalı oldu. Doğrudan da bu proses getdi. Hətta vəziyyət o həddə  çatdı ki, ermənilər kütləvi şəkildə ölkəni tərk etməyə başladılar.  İndi müsbət şərait yaranıb. Çünki Sarkisyanın dövründə kriminal rejim şəraitində bu fikirləri demək mümkün deyildi. O zaman dərhal  həbs olunardılar, təhlükəyə məruz qalardılar. Onlar bunu etiraf edirlərsə,  ölkə prezidentinin dediyi kimi, öz hakimiyyətlərinə təzyiq etsinlər və Azərbaycan torpaqlarının işğalına son qoysunlar. Beləliklə, onlar da normal həyat şəraitini qurmağa uyğunlaşsınlar. Əgər erməni dövləti bunu etməsə, onların dövlətinin məhv olması qaçılmazdır”.

Günel Türksoy