“Onu yazanın özü çat verib”

onu-yazanin-ozu-cat-verib-
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sürüşdürülən binada çatın olması ilə bağlı yayılan xəbərləri təkzib edərkən deyib. Onun sözlərinə görə, həmin bina qəzalı vəziyyətdə idi: “Lakin prezident İlham Əliyevin qərarı ilə həmin ərazidə olan evlərin hansı vəziyyətdə olmasından asılı olmayaraq, Şəmsi Bədəlbəyli və Füzuli küçələri arasındakı yol 7 metrdən çox genişlənməlidir. Bununla bağlı müxtəlif şirkətlərlə əlaqə saxladıq. Həmin şirkətlər arasından isə yalnız Hollandiyaya məxsus olanı seçdik və nəticə göz qabağındadır”.

Qış bulvarının altında inşa olunan avtomobil dayanacağının mayın sonuna kimi istifadəyə veriləcəyini deyən icra başçısı: “Bura şəhərdə olan bütün dayanacaqlara nisbətən, 2 dəfə ucuz olacaq. İyulda isə Azadlıq meydanında inşa edilən avtodayanacaq istifadəyə veriləcək. Bununla da ümumi avtodayanacaqların sayı 7 minə çatacaq. Bundan sonra isə şəhərin mərkəzində avtomobil dayandırmaq ləğv olunacaq. Hər iki dayanacaq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olacaq”,- deyə fikirlərinə əlavə edib.

H. Abutalıbov onu da qeyd edib ki, Şəmsi Bədəlbəyli və Füzuli küçələri arasında olan binaların köçürülməsi ilə bağlı 51 milyon manat vəsait xərclənib: “Həmin vəsaitin içərisində əhalinin köçürülməsi, kirayə pulu və yüklərin daşınması, eləcə də parkın inşası olub. Xüsusilə qeyd edim ki, Bakı şəhərində köçürüləcək binaların hamısının yerində avtodayanacaq, park və istirahət ocaqları olacaq”. /SİA/