“Osmanov özü rüşvət təklif edib” - Gömrük Komitəsi+ Video

osmanov-ozu-rusvet-teklif-edib
Oxunma sayı: 3621

Dövlət Gömrük Komitəsi bəzi internet resurslarında əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Binəli Osmanovun məktubuna əsasən gömrük orqanlarının fəaliyyətinə dair dərc olunmuş xəbərlə bağlı açıqlama yayıb.

Komitənin Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, sözügedən məlumat həqiqətə uyğun deyil və böhtan xarakterlidir.

Qurumun məlumatına görə, Binəli Osmanov mayın 4-də Gürcüstandan Azərbaycana gələrkən özü ilə gətirdiyi 5 litr çaxırın “Qırmızı Körpü” gömrük postunda gömrük əməkdaşları tərəfindən zorla əlindən alındığını, gömrükçülər tərəfindən ona və yaxınlarına qarşı kobud rəftar edildiyini iddia edir.

“Əslində həmin vətəndaş məktubunda qanunvericiliyin tələblərini pozduğunu özü etiraf edir. Belə ki, Azərbaycan Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən gömrük sərhədini keçən şəxs güzəştli qaydada, yəni hər hansı gömrük ödənişləri həyata keçirmədən yalnız 1.5 litr alkoqollu içkini ölkə ərazisinə gətirə bilər. Həmin şəxsin gətirdiyi alkoqollu içkinin miqdarı qanunvericilikdə müəyyən olunan həddi keçdiyi üçün gömrükçülər tərəfindən akt tərtib olunaraq müvəqqəti saxlanca götürülüb.

Bundan başqa məlumatda gömrük orqanlarına qarşı bir sıra haqsız, eyni zamanda  müəllif və yayımlayan şəxslər üçün qanun qarşısında məsuliyyət yaradacaq əsassız digər iddialar da irəli sürülür.

Lakin Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, may ayının 4-də Gürcüstandan ölkə ərazisinə daxil olan Binəli Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib. Bu fakt  müvəqqəti saxlanca götürülən mallarla  bağlı tərtib olunan aktda da öz əksini tapıb ki,  bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə Binəli Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb. Aşağıda təqdim etdiyimiz videotəsvirlərdə gömrükçülərin ona qarşı hansı “nəzakətsiz davranış”lara və “kobud rəftara” yol verdiyini də ictimaiyyətin müzakirəsinə buraxırıq.

Üstəlik gömrük xidmətinin və  gömrük əməkdaşlarının qanunsuz əməllərindən bəhs edən həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib. Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində Binəli Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və sənədin arasında pul əskinasını gömrük əməkdaşına vermə cəhdi  və gömrük əməkdaşının da buna qəti etirazı aydın şəkildə öz əksini tapıb”,- deyə məlumatda qeyd olunub.