Pıçıltı ilə qışqıran şair...

picilti-ile-qisqiran-sair
Oxunma sayı: 638

Özü də elə deyəcək ki, nə şiş yanacaq, nə kabab! İroniyası o qədər incədir ki, elə bilirsən həqiqətdir. Çünki, o bilir, bilir ki, həqiqət faciəvidir. Özü də sözü həmişə yavaş deyir Qulu Ağsəs. Özü bilə-bilə yavaş deyir ki, hamı eşitsin. Çünki, o, pıçıltı ilə qışqıran şairdir.

Qulu Ağsəsin bir şair kimi sözü birbaşa deməmək qüdrəti çox orjinal və yenidir. Elə tələbə-oxucular tanıyıram ki, (çoxu qızlardır!) onların içində Qulu Ağsəs şeirləri Atlantik okeanından tutmuş Sakit okeanının Şərq sahillərinə qədər böyük bir ərazini əhatə eləyir. Yenə deyirəm, bu ən çox ondan irəli gəlir ki, Qulu müəllim sözün düzünü zarafatsız deməyən şairdir; istər həyatında, istərsə də şeirlərində! O, şeirlərinin xasiyyəti ilə yaşayır.

Balaca uşaqlar dərman içə bilməyəndə fikirləşib yolunu tapırıq. Necə? Dərmanı əzib südə qatırıq. Ya mürəbbəyə qatırıq. Uşaq asanlıqla içir. Qulu Ağsəs şeirlərində həqiqət dərman kimidir. O, həqiqəti əzib zarafata, ironiyaya, gülüşə qatıb. Oxucular da içib. Deyim ki, oxuyanlar dərhal sağalıb. Çünki, o, şeirlərin müalicəvi əhəmiyyəti var.

Bu gün sevimli şairimiz Qulu Ağsəsin doğum günüdür. Dünyaya bədahətən gələn şairimizi bu əyri-üyrü, kələ-kötür həyata gəlməyi münasibəti ilə təbrik edirəm. Xoş gəldin, Qulu müəllim! Arzu edirəm dünyadan bədahətən getməyəsən!

Kəramət Böyükçöl