Qadın sərhəddə narkotiklə tutuldu

qadin-serhedde-narkotikle-tutuldu
Oxunma sayı: 2925

Dövlət Sərhəd Xidmətinin əsgərləri İranla Azərbaycan sərhədini pozan bir neçə nəfəri saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İİR vətəndaşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muhammedbakhirin üzərində 320 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb. 

Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olunması məqsədilə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Kazım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu saxlanılıb.

“Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş 1976-cı il təvəllüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin və Dovlət Təhlükəsizliyinin Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində “Mersedes” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan AR vətəndaşları Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Muxtar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb.

Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılıb.