Qadın üzərində qələbəyə möhtac kişi

qadin-uzerinde-qelebeye-mohtac-kisi
Oxunma sayı: 1931

Dünya Sakit

Bir dəfə uzun illər öncə Avropa şəhərlərindən birinə səfərə getmişdim. Səfər zamanı müzakirələrlə dolu bir tədbirə qatılmışdıq. Tədbir isə böyük Avropa təşkilatlarından birinin ofisində keçirilirdi. Üç günlük tədbir boyu səfər yoldaşlarım olan xanımlarla bir neçə dəfə tualetə girməli olduq. Xanımlardan biri adət etmiş kimi hər dəfə kənardakı kabinədən istifadə edirdi. Hər dəfəsində də tualetə gələn digər əcnəbi xanımlar ona təəccüblə baxırdılar. 

Axırda xanım həmkarımız əcnəbilərin ona niyəsə təəccüblə baxdıqlarını dedi. Ondan sonra biz tualet qapısının üzərinə baxdıq və gördük ki, o kabinə əlillər üçün nəzərdə tutulubmuş. Bizim xanım isə şəklə əhəmiyyət vermədən oradan istifadə edirdi. Ondan sonra diqqət etdik və gördük ki, hətta digər kabinələr dolu olsa belə, əcnəbilərin heç biri o kabinədən istifadə etmir...

Buna oxşar daha bir halı metroda müşahidə etdik: əlil və uşaqlar üçün nəzərdə tutulan yerlərdə heç kim oturmurdu. Hamı ayaq üstə gedirdi, amma o yerlər boş qalırdı.

Bütün bunları ona görə yazıram ki, avtobusda əlillər və uşaqlar üçün olan yerdə yayxanıb oturan kişinin hərəkətinə bir də bu prizmadan baxaq. O oturacaqların üzərində kimin üçün olduğu açıq şəkillə bəlirtilən fotolar var. Adam heç nəyə əhəmiyyət vermədən gedib onun üçün nəzərdə tutulmayan yerdə əyləşib. 

Əlbəttə, qadının narazılığının kökündə o kişinin məhz uşaqlar və əlillər üçün yerdə oturmağı dayanmır. Nəinki o qadının, bəlkə də  avtobusdakıların heç birinin ağlına da gəlmir ki, o adam uşaq və əlillər üçün olan yerdə oturmaqla yanlış hərəkət edir. Ən azından ona görə ki, Azərbaycanda bu mədəniyyət hələ heç formalaşmağa da başlamayıb. Yəni bu gün bizdə ictimai nəqliyyatda oturmaq hüququ deyiləndə daha çox yaşlılar, uşaqlı qadınlar,  əksərən də sadəcə, qadınlar başa düşülür. Dəfələrlə olub ki, əlil adamlara yer verilmədiyinin şahidi olmuşam – gənc qadınlar əlilləri gördükdə yerlərindən belə tərpənmirlər. Çox təəssüf ki, burada da hüquqlarımız qarışıb,  haqqı olanın haqqını vermirik, amma əslində haqqı olmayan üçün mübarizə aparırıq.

O avtobusda, elə müzakirələrdə də insanları qıcıqlandıran əsas amil kişinin qadına əl qaldırması olmalıdır. Haqlı və ya haqsızlığından asılı olmayaraq, kişinin qadına əl qadırmasıdır əsas problemlərdən biri, bəlkə də birincisi. Bu gün onsuz da həyatımızda qadın zorakılığı az qala hər 5 ailədən 3-də var. Evdə, bağlı qapılar arxasında baş verən zorakılıqlar aydın məsələdir ki, o avtobusdakından daha qəddar, daha amansız olur. Çoxumuz da döyülüb-söyülən qadınlardan dözümlülük gözləyir, bir çox hallarda onlara bunu məsləhət görürük. Lakin zorakılığın ictimailəşməsi, ictimai yerdə baş verməsi hamımızı qadın müdafiəçisinə çevirib sanki. Ətrafımızdakı  zorakılıqlara göz yumsaq da, bunun camaat arasında, hamının yanında  baş verməsini sinirə bilmirik elə bil.

Düşünürəm ki, harada baş verməsindən asılı olmayaraq, qadına əl qaldıran kişi zəif iradəli adamdır. Məhz belə adamlar onunla güc baxımından bərabər olmadığını bilə-bilə qarşısındakına hücum edirlər. Zəifləri döyüb güclü görsənmək  - budur onları aqressivləşdirən əsas hiss. Söhbət qadın-kişi münasibətləri, yaxud qadının zərif cins olmasından-filandan da getmir. Söhbət çox nadir istisnalarla, qadının zəif, gücsüz tərəf olmasından gedir. Heç bir kişiyə bu tərəf üzərində fiziki qalibiyyət başucalığı gətirməz, heç avtobusdakı o oğlana da...