“Qardaş qanının tökülməsi bizi çox incidir”- - Prezident

qardas-qaninin-tokulmesi-bizi-cox-incidir-
Oxunma sayı: 3016


“Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”. “Qafqazinfo”nun xəbərinə görə, bunu müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları var: “Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir.

Bu gün Azərbaycan kimi son on il ərzində iqtisadi sahədə inkişaf edən ikinci ölkə yoxdur. Bu da müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət göstərir. Eyni zamanda, mənəvi dayaqlar - cəmiyyətimizin mənəvi dayaqları bizim uğurlu inkişafımızın əsas şərtidir. Çünki iqtisadiyyat güclü ola bilər, - biz tarixdən bilirik ki, ölkələr inkişaf edir, ondan sonra tənəzzülə uğrayır, - ancaq əgər mənəvi sütun, dayaq yoxdursa, bu ölkənin gələcəyi yoxdur.

Ona görə gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək hər bir şüurlu vətəndaşın, dövlətin borcudur. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Mən şadam ki, Azərbaycanda çox dəyərli, bilikli, savadlı gənc nəsil yetişir. O gənc nəsil ki, gələcəkdə ölkəmizi idarə edəcək. Bu gün gənclərimiz qürur hissi ilə deyirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Çünki doğrudan da bu gün ölkəmizdə gedən uğurlu inkişaf prosesi hər bir vətənpərvər insanın qəlbini qürurla doldurur. Milli mənəvi dəyərlər, ənənələr, bizim dini dəyərlərimiz əminəm ki, bundan sonra da inkişafımızın əsas istiqaməti olacaqdır.

Bu gün iftar məclisimizdə dinlərarası münasibətlər haqqında danışıldı. Azərbaycanda bu münasibətlərə də çox böyük diqqət yetirilir. Deyə bilərəm ki, burada iki mühüm amil cəmləşir. Həm dövlət siyasəti, eyni zamanda, cəmiyyətimizin vəziyyəti və statusu. Çünki sadəcə olaraq dövlət siyasəti yeritməklə istədiyimizə nail olmaq mümkün deyildir. Ona görə Azərbaycanda çox nadir bir ab-hava, nadir bir vəziyyət yaranıbdır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir və bizim gücümüz birliyimizdədir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bu gün biz bu masa arxasında bir yerdə əyləşmişik. Azərbaycan cəmiyyətində bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Əlbəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq, eyni zamanda, real həyatda da bu, belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə Azərbaycan dünyada böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir.

Biz indi internet dövründə dünyada gedən proseslər haqqında dərhal xəbər tuturuq. Əfsuslar olsun ki, bu xəbərlər heç də müsbət deyildir. Dünyanın müxtəlif yerlərində - Avropada, Yaxın Şərqdə, bizim bölgədə dini zəmində, məzhəb zəminində, başqa səbəblər üzündən qan tökülür, müharibələr, vətəndaş müharibələri aparılır, qarşıdurmalar baş verir. Azərbaycan sabitlik adasıdır. Azərbaycan əslində bölgədə sabitləşdirici rol oynayır. Yəni, ölkə daxilində gedən bu gözəl proseslər bölgəyə də müsbət təsir göstərir. Bu gün Azərbaycansız bölgə siyasətini təsəvvür etmək mümkün deyildir. Çünki biz öz addımlarımızla, təşəbbüslərimizlə, siyasi, iqtisadi, digər istiqamətlər üzrə atılan addımlarla böyük dərəcədə bölgənin gündəliyini müəyyən edirik.

Bizim qərarlarımızın əhəmiyyəti böyük dərəcədə artır və bütün qərarlarımız müsbət istiqamətə yönəlibdir. Regional əməkdaşlığı dərinləşdirmək, ölkə daxilindəki vəziyyəti və Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdırmaq bizim əsas vəzifəmizdir.

Daxili sabitliyin möhkəmləndirilməsi üçün əsas şərt xalqla iqtidar arasındakı birlikdir. Bu birlik vardır. Birliyin təməlində dövlət siyasəti dayanır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, təhlükəsizliyi, qayğıları, rifahı dayanır. Ona görə, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin əsas şərtidir. Görəndə ki, başqa bölgələrdə, başqa yerlərdə sabitlik pozulur və qardaş qanı tökülür, əlbəttə, bu, bizi çox incidir, üzür və eyni zamanda, Azərbaycan təcrübəsinə dünyanın diqqətini bir daha cəlb edir”.