Qatil də biz, qətlə yetirilən də...

qatil-de-biz-qetle-yetirilen-de
Oxunma sayı: 1768

Dünya Sakit

İnsanımız qəddarlaşıb. Ən ağlagəlməz qəddarlıqları müşahidə edirik: biri doğma övladının başını çəkiclə əzir. Biri ata-anasını onlarla bıçaq zərbəsinə məruz qoyur, digəri sevgilisini, ərini, arvadını, bacısını qanına qəltan edir.
Yalnız son günlərin qəddarlıqlarına nəzər yetirək: Kişi namaz qıldığı yerdə arvadını bıçaqlayıb, oğlan nişanlanmağa hazırlaşdığı xalası qızını-sevgilisinin boğazını kəsərək öldürüb, Bakıda biri gətirdiyi malı götürməyən market işçisini elə döyüb ki, sanki qarşısındakı qan düşməniymiş...

Qəddar davranışın bir növü də intiharlardır.  Demək olar ki, hər gün bir neçə intihar xəbəri alırıq. Özünü asmaq, yandırmaq, dərman içmək, hətta öz boğazını kəsmək kimi üsullarla baş verən intiharlar da aqressiv, qəddar davranışın bir növüdür. Son zamanlar xüsusilə qadınlar arasında övladlarını özləri ilə bərabər öldürmək halları çoxalır.
Bir çoxları deyirlər ki, indiki qətllər kimi hadisələr Sovet dövründə də olub, amma xalqdan gizlədiblər. Belə deyil. Məqsədim o dövrün daha yaxşı olduğunu isbatlamaq deyil qətiyyən, amma o zamanlar, hətta on il əvvələdək belə dəhşətli hadisələr çox nadirən baş verirdi. Biz uşaq olanda rayon mərkəzində yaşayan bir kişi iki oğlunu, gəlinini, nəvəsini və arvadını qapısı bağlı evdə yandırmışdı. Əlində tapança qapının ağzında durub canını qurtarmaq üçün bayıra atılanları da güllələmişdi. Televiziyada, qəzetdə verilməsə belə, bu hadisə nəinki bizim rayona, bütün ölkəyə yayılmışdı. Bakıda, Sumqayıtda geniş müzakirə olunurdu. Yaxud  Bakıda bir qızıl alverçisini evində öldürüb, xeyli qızılını aparmışdılar, səsi-sorağı bizim kəndə qədər gedib çıxmışdı. Yəni deməyim odur ki, Sovet dövründə KİV-lər yazmasa belə, dəhşətli qətllər barədə məlumat hər yerə yayılırdı. Bu baxımdan, “indi mətbuat yazır deyə məlumatlar yayılır” fikri kökündən yanlışdır.

Psixoloqlar, sosioloqların bir qısmi insanların davranışlarındakı qəddarlaşmanı informasiya-kommunikasiya vasitələrinin imkanlarının genişlənməsi ilə izah edirlər. Mahiyyəti budur ki, insanlar indi daha çox və daha rəngarəng informasiyalar alır, qəddarlığı təbliğ edən filmlərə, döyüşlərə baxırlar. Gördüklərini isə sonradan real həyatda tətbiq etməyə meyllənirlər. Lakin nəzərə almaq lazımdır ki, bu cür təsirlənməyə adətən psixologiyası zəif olanlar daha çox məruz qalırlar. Bütün qatillərin, qəddarlıq törədənlərin hamısının məhz belə insan olduqlarını iddia etmək mümkün deyil.

Daha bir qisim isə davranışların xarakterindəki dəyişikliyi sosial durum, cəmiyyətdəki təbəqələşmənin güclənməsi ilə əsaslandırırlar. Belə hesab edirlər ki, güzəranın ağırlığı insanların psixologiyasını aşındırır, daim çatışmazlıqlar içərisində yaşayan insan aqressivləşir, günün birində isə o aqressiya dəhşətli cinayətin törədilməsinə gətirib çıxarır. 
Nəhayət, bir sıra dinşünaslar bildirirlər ki, Sovet dövründə insanların qəlbindən din sevgisi çıxarıldığı üçün indi nəticələrini düşünmədən Allahın yaratdığı bəndələri qətlə yetirənlər çoxalıb. 

Düşünürəm ki, Azərbaycanda bu problemin dərindən araşdırılmasına, davranışlarda aqressivliyə, qəddarlığa gətirən amillərin dəqiq müəyyənləşdirilməsinə çox ciddi ehtiyac var. Bu amillər dəqiqləşməsə, baş verən qəddarlıqların qarşısını almaq, heç olmasa azaldılmasına nail olmaq mümkün deyil. Əks təqdirdə, hər birimizin 3-5 manata görə bıçaqlanmaya məruz qalmaq, adi bir mübahisəyə görə öldürülmək təhlükəsi getdikcə böyüyəcək...