Qəbirdə naz edə bilməyəcəksiz!

qebirde-naz-ede-bilmeyeceksiz
Oxunma sayı: 4447

Raminə Eyvazqızı

Fani dünya, rəhmət dedirtmək, qəbri  xatırlanmaq kimi məsələləri İlhamə Quliyeva öldükdən sonra hələ də çoxu yaxşı anlaya bilməyib. Onun naz-qəmzələrini, süzülmələrini izləyəndə adamın ölümdən qorxmağı bir tərəfə qalsın, hər kəsin nə vaxtsa birdəfəlik sönməyinə  təəssüflənirsən. Nə ölümə, nə də qəbirdə naz edərlər! 

Nazpəri Dostəliyevanın cəmiyyətlə dostluğu ara-sıra pozulur. Mügənnisən, fonoqrama aludə olub oxuyursan əcəb edirsən, elmi işlərə baş qoşmağa başlamısan, qır-qızıl yığırsan, bu da sənin işindir. Bir gün həmin ləl-cəvahiratı oğurlayırlar, icazə verirsən ki,  heç bir yaxşılığa icazə verilməyən pulların məbləği də aləmə yayılsın. O qır-qızılı xalq qazandırmışdı, xalqın hansı biçarə balasına yardım etdiniz, bəlkə də etmisiz, xəbərimiz olmayıb. Yaxşılığın reklamından zövq alan cəmiyyətik, reklamınızı görməmişik. 

İndi deyəcəklər ki, kiminsə öz pulunu hara xərcləməyi öz işidir. Doğrudur. Amma o kəslər, o pulu bir ağız oxumaqdan, insanların rəğbəti sayəsində qazanıblar. Hansı xeyriyyəçilik marafonunda görmüsüz onları, orada-burada qadın salonlarına belə borclu yaşayanları var. 

Bizim cəmiyyətdə bir təsəvvür var. İnsani keyfiyyətləri hansısa məşhurluğun içində itirirlər. Deyirsən, filankəs adam deyil, qanmazdır, qayıdırlar ki, niyə ki yaxşı səsi var, istedadı var. İnsani keyfiyyətlərində də istedaddan kasaddırsa, onun alimliyi, gur səsi, artistliyi başına dəysin. Bizdə cəmiyyət insan yox, hansısa işçi, pul qazana bilən yetişdirməyə yüklənib. Heç kəsə humanizm lazım deyil. Pul yığmaq üçün deyil, xərcləmək üçündür ki, sabah biri gəlib aparmasın.

Dünən ali məktəbə daxil olan, amma ödənişli təhsilə görə, arzularından imtina etməyə məcbur olan yeniyetmələr haqqında məlumat oxudum.  Məgər belə,  təhsil almaq üçün ailəsinin kasıb büdcəsinə sığınan və bununla barışmağa məcbur olan uşaqlarımızın  arzusunu yerinə yetirəcək Allah bəndələri yoxdurmu? Məmurlardan keçdim, onlar üçün təhsil anlayışı bizim bildiklərimiz çərçivəsində deyil.  Amma maddi imkanların olduğu halda, hansısa uşağın təhsil haqqını ödəmək  kimi gözəl başqa nə əməl ola bilər? O gəncin kiminsə himayəsində olması əskiklik deyil, edilən elə bir böyüklükdür ki, bu böyüklüyün rəsmini hər otağın divarından asmağa dəyməz. Hamı biləcək, hamı yayacaq. “Filankəs  hansısa tələbənin illik təhsil haqqını ödədi”. Bir dəfə də icazə verin, sizin xəbərinizi  “xeyirxahlıq” adlı xəbər blokuna salaq da. 

Könül Kərimovanın oğlunun İqtisad Universitetinə düzəlməyi üçün verdiyi 32 mindən geninə-boluna xəbər yayırıq. Utanmaz-utanmaz çıxıb öz cinsindən olan qadını ittiham etmək üçün sifət lazımdır adamda. Bu müğənni məgər anlamır ki, o özü ali təhsildə rüşvətxorluğun olduğunu  bağıraraq bəyan edir. Təhsil Nazirliyi nə əcəb ona etirazını bildirməyib ki, “yox əşşi, bizdə rüşvət filan yoxdur”.  Hörmətli Korrupsiyaya qarşı  Mübarizə  Baş İdarəsi, Könül Kərimova özü də cinayət məsuliyyəti daşımırmı? Rüşvəti verib, üstəlik narazılıq da edir ki, oğlu kələyin qurbanı olub tələbə adı ala bilmədi. 

Hələlik milli artistlərimizə Ancelina Colinin İraqdakı qaçqın düşərgəsindəki(son səfəri) davranışlarından, Şakiranın Türkiyədə küçələrdəki səmimiyyətindən arzulayıram.
Hə, bir də Həcc ziyarətinə pul yığmış bəzi zəvvarların müqəddəs  kitabımızı vərəqləməyini. Oxuyub anlasınlar ki, ən gözəl ibadət elm üçün olunan ibadətdir. Xatırladım ki,  bir nəfərin builki Həcc ziyarətinin qiyməti  4150 ABŞ dollarıdır. Aralarında ikinci, üçüncü dəfə (Hacı Qalib Salahzadə kimi 29-cu dəfə Həccə gedən də var)  gedənlərə  eqolarından əl çəkib, insanları sevindirməyi arzulayıram!