Saxta polisə 11 il iş verildi

saxta-polise-11-il-is-verildi
Oxunma sayı: 1220

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü polis kimi təqdim edərək iş adamından 190 min manat pulu quldurluq yolu ilə almaqda təqsirləndirilən Bəxtiyar Qayıbova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə B.Qayıbov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, B.Qayıbov iş adamı Mehman Alməmmədovu bir neçə ay izləyib və onun tez-tez külli miqdarda pul daşıdığını öyrənib. Hadisə günü B.Qayıbov adıçəkilən biznesmen maşınına oturan zaman onu vuraraq qollarını qandallayıb, daha sonra arxada oturaraq boğmağa başlayıb. Sürücüsü Samirə isə “qorotdel”ə sürməyi əmr edib, daha sonra onları yaşadığı 7-ci mikrorayona getməyə məcbur edib. Orada içərisində 119 min manat olan çantanı götürərək maşından düşüb qaçıb. Oradan 50 manat götürərək marketə girib və özünə 5 manatlıq kontur alıb. Bu zaman isə sürücü Samir onu izləyirmiş, Bəxtiyar marketdən çıxarkən Samiri qarşısında görüb və qorxduğu üçün çantanı onun üstünə ataraq qaçıb. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmədə son sözündə isə “50 manata görə həyatım məhv oldu” deyib.

Murad Əhməd