Səfər Mehdiyev “Qoşa Təpə”yə getdi, tapşırıqlar verdi - Fotolar

sefer-mehdiyev-qosa-tepeye-getdi-tapsiriqlar-verdi
Oxunma sayı: 5216

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində və Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda mövcud vəziyyətlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb.

Daha sonra Azərbaycanın İranla dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna gələn sədr, burada gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.