Seksual köləlikdən sevgiyə qədərki məsafə

seksual-kolelikden-sevgiye-qederki-mesafe
Oxunma sayı: 3139

Kənan Hacı

Bəzən həddən artıq ciddilik adamı yorur, bütün hisslərinə, duyğularına azadlıq vermək istəyirsən. Özünü sel kimi axıb gələn istəklərinin ixtiyarına vermək istəyirsən. Dünya ədəbiyyatının şedevrlərini oxuduqca hiss edirsən ki, səninlə ətraf aləm arasında qalın, keçilməz bir divar ucalır, sən divarın bu üzündə içində yaranmış mürəkkəb situasiyasının içində vurnuxursan, həyat daha da dözülməz olur. Ali dəyərlər, yüksək ideallar şəbəkəsi səni sıxmağa başlayır, sən bu şəbəkədən kənara çıxmağa çalışıran. Belə hallarda mən bir müddət mütaliədən uzaqlaşıram, ədəbiyyatdan kənar dostlarla görüşüb tamam başqa bir mühitin içinə düşürəm. Bu, mənə ruhi tarazlığımı bərpa etmək üçün lazım olur.

Xəstəxanaya yollananda düşündüm ki, özümlə palatada oxumaq üçün hansı kitabı aparım. Orda mənə həm də dinclik, rahatlıq lazım idi. Joe Dunthornenin “Oliver Teytin intim gündəliyi” romanını götürdüm. On beş yaşlı yeniyetmənin gündəliyindən ibarət olan bu əsər müalicə müddətində məni xeyli əyləndirdi. Təsəvvür edin, xəstəxanaya getməzdən əvvəl Dostoyevskinin “Karamazov qardaşları” romanını ikinci dəfə oxuyub bitirmişdim. Fiziki ağrılar üstəgəl zehni yorğunluq. Həkimim də xatırlatmışdı ki, bur müddət zehni fəaliyyətdən uzaqlaşmalısan. Hər gün kitab oxuma vərdişi, üstəlik yazılar yazmaq səhhətimə pis təsir göstərirdi, amma bu vərdişdən xilas olmaq da mümkün deyil. Yoldaşım dedi ki, heç olmasa, bir müddət yüngül kitablar oxu. “Oliver Teytin intim gündəliyi”ni yüngül əsər hesab etmək olmaz. Zəkası aşıb-daşan yeniyetmə öz sinif yoldaşlarının əziyyət çəkdikləri komplekslərindən onları xilas etməyə çalışır. Bu əsəri Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”ı ilə müqayisə edirlər. Bu əsər sübut edir ki, böyüklərin basqısı, təzyiqi olmayanda uşaqların zehni daha sürətlə inkişaf edir, onlar yetkin şəxsiyyət kimi formalaşır, düzgün qərarlar verməyi daha tez öyrənir və azad həyata daha tez addım ata bilirlər. Bu fikri hind filosofu Oşo da dəfələrlə xatırladır və kitablarında bu mövzuya aid ayrıca fəsillər var.

Təəssüf ki, bizim yeniyetməlik dövrümüzdə belə kitablar yazılmırdı, yazılanlar isə bizim əlimizə gəlib çatmırdı. Bu günün yeniyetməlik dövrünü yaşayan uşaqları bu əsəri oxusa, onların düşüncəsində çox böyük, əsaslı dəyişikliklər əmələ gələcək. Biz sözün əsl mənasında qorxulu nağıllarla böyüdük. Məlikməmməd, div, mağara, təpəgöz, küpəgirən qarı – bunlar bizim uşaqlığımızın kabusuna çevrildi, bizi reallıq hissindən uzaqlaşdırdı, gözüqıpıq bir nəsil yetişdi. Yalançı qəhrəmanlarla bizi aldatdılar. Bu, ayrıca bir yazı mövzusudur, sözgəlişi bunu yazdım.

Mən təəssüf edirəm ki, yeniyetməlik dövründə Vudi Allenin filmlərinə baxmaq imkanım olmayıb. Ucuz, sentimental filmlər bizim zövqümüzü yerlərdə sürüdü, təfəkkürümüzü qısırlaşdırdı. Tarkovskinin, Fellininin filmlərinə otuz yaşımdan sonra baxa bildim. Zövqümün formalaşmağıma görə isə ilk növbədə oxuduğum kitablara borcluyam. On səkkiz yaşında “Səfillər”i, iyirmi yaşında “Hərb və sülh”ü, iyirmi iki yaşında Kafkanın “Qəsr”ini oxumasaydım, bəlkə də həyatımda hər şey başqa cür olacaqdı. Baxa bilmədiyim filmləri oxuduğum kitablarla bir növ, kompensasiya edə bildim. Bu yaşımda dünya ədəbiyyatını dişinə vurmuş bir adam kimi kimsə mənə bestseller oxuduğuma görə irad tuta bilməz. Çünki özünü öymək olmasın, mənim oxumadığım çox az kitab olar. Və bu kitabların əksəriyyəti haqqında illərdir ki, yazılar yazıram. Haqqında yazdığım kitabların siyahısına baxsanız, kifayətdir. Lorens Stern, Dostoyevski, Tolstoy, Qoqol, Balzak, Çexov, Korolenko, Maksim Qorki, Jorji Amadu, Saramaqo, Remark, Korolenko, Herman Menvil, Cek London, A. Platonov, Milan Kundera, P. Züskind, Alber Kamyu, Heminquey, Qonçarov, Bredberi, Corc Oruell, Selincer, Folkner, Henri Miller, Amin Maaloff və sair və ilaxır. Bu siyahını xeyli uzatmaq olar. Bu yazıçıların hər biri dünya ədəbiyyatına öz damğasını vurmuş yazıçılardır və onlar haqqında yazmaq böyük məsuliyyət tələb edir. Mən bir yazını yazmaq üçün günlərlə həmin yazıçının dünyasında dolaşıram, onun müxtəlif əsərlərini təkrar-təkrar oxuyuram, onun dünyaya hansı mesajı ötürdüyünü oxucuya tam mənada çatdırmağa çalışıram. Əlbəttə, yorucu işdir, eyni zamanda zövqverici bir məşğuliyyətdir.

Və məqam gəlir, hiss edirsən ki, beynin artıq doymuş məhlul kimidir, orda fikirlərin, ideyaların tıxacı yaranıb. Sənə bir müddət dinclik lazımdır. Bu anda artıq fasilə vermək lazım gəlir. Sveyqdən, Steynbekdən, Bussatidən, Pol Osterdən, Orhan Pamukdan sonra “Bozun əlli çaları” trilogoyasını oxumaq beyni alt-üst etmək deməkdir! Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə görə insanın psixi və nevrotik sağlamlığında şüurdan qat-qat artıq rol oynayan onun şüuraltı həyatıdır. “Bozun əlli çaları”nın qəhrəmanlarını ( sadomazoxist biznesmeni və onun sevgilisini) da idarə edən məhz şüuraltıdır. Bahalı şarlatanın uşaqlıqda aldığı travmalar onu sadomazoxizmə meylləndirir və o ən ali insani hissdən, sevgidən məhrum olur. Anası fahişə olduğu üçün o, biznes hakimiyyətinə yiyələndikdən sonra anasına bənzəyən qızlara işgəncə verir. Bu da “Edip kompleksi”nin unikal təzahürü! Freydə görə uşaqlıqda ana məhəbbəti görməyən uşaqlar ruhi cəhətdən qüsurlu olurlar və müxtəlif seksual kompleksləri daşıyırlar. Kristian Qrey məhz belə bir adamdır, ona uşaqlıqda pozğun həyat tərzi keçirən anası və atalığı işgəncə veriblər, bu işgəncənin izləri hələ də bədənində qalır. Qız onu sevdiyi üçün bütün imkanlarını işə salaraq sevgisiylə onu müalicə etmək istəyir və tədricən buna nail olur. Bu adam özünün iti zəkası, bacarığı, intellekti ilə nəhəng biznes imperiyası qurub, evində zəngin kitabxanası var. Sadəcə, uşaqlıqda aldığı psixoloji travmalar onu sadomazoxizmə yuvarladıb, o, sevgisizlikdən əziyyət çəkir, qadınlara sadəcə, sahib ola bilir, sevməyi bacarmır. Anasteyşa yeganə qızdır ki, bu adamın qəlbini fəth edə bilib.

Hər yazılan əsərin öz oxucusu tapılır. “Bozun əlli çaları” trilogiyası bütün dünyada satış rekordu qırır, bunun səbəbi əsərdə pornoqrafik elementlərin çoxluğudur. Amma əsər “Edip kompleksi” üzərində qurulub və sadomazoxist insanı normal həyata qaytarmaq uğrunda mübarizəni təsvir edir. Hər halda, Markiz de Sadın əsərləri oxunan dünyada Erika Leonard Ceymsin çoxçalarlı trilogiyasının oxunması da təbiidir. İnsanı bütün hallarda sağlam həyata qaytarmaq lazımdır və mümkündür!