Sərdar Cəlaloğludan bir daha Səməd Vurğun haqqında - Əsas Namə

serdar-celalogludan-bir-daha-semed-vurgun-haqqinda-esas-name
Oxunma sayı: 2784


ADP sədri Sərdar Cəlaloğlunun bir müddət əvvəl “Qafqazinfo” ya verdiyi müsahibəsində Səməd Vurğun barəsində dedikləri ölkə boyu rezonansa səbəb omuşdu. Partiya sədri yenidən həmin mövzuya toxunub. O, “Qafqazinfo”ya “Sovet kodlarının əxlaq funksiyası haqqında” adlı yazısını göndərib.

“Qafqazinfo” həmin yazını təqdim edir:

Bu gün bizim Bakıda heykəlini ucaltdığımız Koroglu bizim millətin dövlətçiliyinə qarşı üsyan etmiş başqa bir millətin nümayəndəsi olmuşdur

Bu gün bizim xalq qəhrəmanı kimi tanıdığımız və ya ictimai tərbiyyə sistemində örnək və nümunə kimi istifadə etdiyimiz tarixi və ya mifik ideallar özlərində sosial kod rolunu oynayır. Sosial kod milli mənliyin açarı kimidir. Hər bir şəxsin mili kimliyini həmin şəxsin məxsus olduğu sosial kodlardan təyin etmək olar. Sosial kod hər şeydən əvvəl siyasi proyektdir və məqsəd vətəndaşın davranışını siyasi hakimiyyətin arzuladığı formada idarə etməkdən ibarətdir. Bu gün bizim “sevdiyimiz və şəninə abidələr ucaltdığımız hər bir ideal əslində sovet kodlarından ibarətdir. Sosial kodlaşdırma haqqında elmi bilgilər XX əsrin ikinci yarısından başlayaraq sosiologiya elminə məlum olmuşdur. Ona kimi xalqların emprik sosial kodlaşdırılması mövcud olmuşdur. Car Rusiyasi klassik imperiyaçılıq siyasəti apardığından və yalnız ərazi üzərində hakimiyyətini qurduğundan özünə tabe etdirdiyi xalqlarda sosial kodlaşdırma aparmamışdır. Çar Rusiyasının sovet Rusiyasına transformasiyasında yeni imperiyanın yeni prinsiplərlə idarə etmək zərurəti meydana çıxmışdır.

Ruslar sovet dönəmində Azərbaycan türklərinin kodlaşdırılmasında hansı məqsədi güdmüşlər? Bu sualın cavabı o dönəmin ideallarına münasibətdə də açar rolu oynaya bilər. Əgər məqsəd Azərbaycan milləti formalaşdırmaq, Azərbaycan türklərininin milli mənlik şüurunu inkişaf etdirmək, onların öz tarixlərinə söykənərək mili kimlikləri ilə fəxr etmək, qürur duymaq və çağdaş dövrdə inkişaf etmiş xalqlarla bir cərgədə inkişaf etdirmək, öz milli dövlətlərini qurmağa yardım etmək olmuşdursa, onda həmin ideallara-sosial kodlarına görə ruslara ancaq təşəkkür və minnətdarlıq etməliyik. Amma təəsüf ki, reallıq bunun tam əksinədir.

Haşiyə çıxım ki, hər bir sosial kod bir çox funksiyalar daşıyır. Bizim bir məqalədə sovet ideallarının bütün funksiyalarını şərh etmək niyyətimiz yoxdur. Burada yalnız sovet kodlarının əxlaqi funksiyası haqqında qısa da olsa şərh etmək istəyirəm. Sonra onların milli kimlik və qəhrəmanlıq funksiyalarını da şərh etməyi nəzərdə tutmuşam.

Lenin kommunist ideologiyasını yeni rus imperiyasının əsasına qoyduqdan sonra sovet təbliğat maşını kommunizmin üç tərkib hissəsindən biri kimi “yeni insan tərbiyyəsinə” başlamışdır. Leninin ədəbiyyatla bağlı müəyyən etdiyi məşhur “formaca milli, məzmunca sosialist” tezisi əslində bütünlükdə sovetlərin “yeni insan” proyektinin mahiyyətinə aid olmuşdur. ”Yeni insan” bioloji əlamətlərinə görə milli (çünki kommunistlər hələ insanların antropoloji kimliyini dəyişdirməyi bacarmamışdılar), düşüncə tərzinə görə rus olmalı, yəni rus kimi düşünməli idilər. Bir insanın başqa insan kimi düşünməsi isə psixologiyada “yalançı düşüncə” adlanır, hansı ki, xalqlar yalnız belə düşüncə ilə özünü aldatmaqla imperiyaya sözsüz tabe ola bilərdilər.

Məlumdur ki, fransız Lebonun “Xalqların psixologiyası” kitabı Leninin stolüstü kitabı olmuşdur. Lenin Lebondan nəyi öyrənməyə cəhd edirdi? Lebonu oxuyanda aydın olur ki, o, öz kitabında əslində “yeni insan”ın formalaşmasının təbii qanunauyğunluqlarını göstərmişdir. Lebona görə tarixdə təbii yolla qanların, (irslərin) mədəniyyətlərin və nəhayət irqlərin qarışması baş verir və nəticədə unifikasiya olunmuş beynəlmiləl insan meydana çıxır. Bu da klassik milli psixologiyalarda yeni təzahürlərlə müşahidə olunur. Lenin Lebonun kəşfindən müvəffəqiyyətlə istifadə etmiş, qanları, mədəniyyətləri və irqləri süni üsulla qarışdırmaqla xalqlar arasındakı fərqliyi aradan qaldırmağın və yeni insan yetişdirmək siyasətini müəyyən etmiş və bütün sovetlər dövründə milli məsələnin məhz bu yolla həllinə cəhd edilmişdir. Bunun üçün kommunistlər genetika elmindən imtina edib, yalançı bir elm, seleksiya-elmi yaratmışdılar. Təkcə bitki və heyvanları yox, millətlərdən də seleksiya yolu ilə “yeni insan” yetişdirməyə cəhd etmişlər. Beləliklə, SSRİ-də siyasi seleksiya siyasəti həyata keçirilmişdir. Seleksiya özünə lazım olan nümunə əsasında inkişafi davam etdirmək, arzuolunmaz nümunələri isə sıradan çıxartmaqdan ibarət idi.

Yeni insan-sovet adamı “köhnə insan-milli adamı” inkar etməklə yarana bilərdi. 1920-ci illərdən başlayaraq SSRİ-də həyata keçirilən, əsası Lenin tərəfindən qoyulmuş və Stalin tərəfindən inkişaf etdirilən, represiyyaları təhlil etdikdə, necə adlandırılmasından asılı olmayaraq, milli kimlik daşıyan insanların kütləvi fiziki məhv edilməsi planının həyata keçirildiyi aydın olur. Bunun ücün “siyasi seleksiya” üsulundan istifadə edilmişdir. Bu üsul sonralar ikinci dünya müharibəsində faşizmin də əsas siyasi metodu kimi Hitler tərəfindən tətbiq edilmişdir. Əslində sovet Rusiyasında yalnız milli formanın-şəxs adlarının, məişətin, toponimlərin saxlanmasına icazə verilmiş, əvəzində milli ad daşıyanların öz milli kimliklərinə qarşı mübarizə aparmasına, məişətin milliliyi altında rus həyat tərzinin aşılanmasına, rus mədəniyyətinin milli mədəniyyətlərə üstünlüyü şüurunun formalaşdırılmasına, ucqar Azərbaycan kəndində belə, rus şüuru insanların yetişdirilməsinə cəhd edilmişdir.

Lenin oktyabr inqilabından sonra Rusiyada əsasını qoyduğu milli siyasət 70-ci illərdə Suslovun başçılığı altında gündəmə gətirilmiş ideya əsasında “sovet adamı” formalaşdırmaqda öz məntiqi sonluğuna çatdırıldı. Sovet hakimiyyəti illərində milli kimlik daşıyıcılarının – elm, incəsənət, ədəbiyyat, din, hərb xadimlərinin, zəhmətkeş əmək adamlarının məhv edilməsi demək olar ki, keçən əsrin 40-cı illərində başa çatdırılmışdı. Yerdə qalan kimlik daşıyıcısı kimi çıxış etməyən, qarışıqqanlı və ya mənlik şüuru inkişaf etməmiş insanlara yeni kimlik- “sovet adamı” kimliyi geyindirilməyə başlanmışdır. Heç təsadüfü deyil ki, bu gün bizim imtina etməyə çağırdığımız bütün sosial ideallar Azərbaycan xaqına 1940-cı illərdən təbliğ edilməyə başlanmış, 60-cı illərdə bu işin yenidən aktivləşdirilməsinə cəhd edilmişdir.

Bizim millətimiz ücün yeni sovet ideallarını kimlər və necə seçmişdir? Biz onları kimlərin vasitəsi ilə, hansı mənbələr əsasında tanımışıq? Xalq öz “qəhrəmanlarını” nə vaxtdan tanıyır?

Haşiyə çıxım ki, sovet hakimiyyətində siyasi sifariş əsasında tarix sosial kodlar üçün xammal vermiş, ədəbiyyat isə həmin xammaldan siyasi sifarişlə obrazlar yaratmışdır. Ona görə də tarix və ədəbiyyat sovet dövlətinin “atalıq qayğısı” nəzarəti altında inkişaf etdirilmişdir. Beləliklə də, istənilən sosial kod bir tərəfdən tarix problemi, digər tərəfdən ədəbiyyat problemi kimi meydana çıxır. Buna görə də, bu gün milli dövlətçilik kimliyimizin yaradıcılarından olan Qacarı xalqına Vaqif dramı ilə düşmən etdiyinə görə, Vurğunu qınayanda “bu bir bədii əsərdir” əksinə, Koroğlu dastanında onun komik qəhrəmanlığına irad tutanda, “o tarixi şəxsiyyət deyil”, “mifiq obrazdır” deyə vəziyyətdən çıxırlar.

Bəri başdan deyim ki, bizim sovet kodlarının hamısını rus-erməni alimlərinin istiqmətləndirməsi ilə, rus-erməni “elmi” mənbələri əsasında ( bu mənbələrin əksəriyyətinin saxta olması ilə bağlı kifayət qədər sübutlar vardır) yüksək dövlət qayğısı ilə əhatə olunmuş bəzi ”milli alim və ədəbiyyatçıları” tərəfindən quraşdırılmışdır.

Babək Həsən: Babək haqqında ilk büroşura 1941-ci ildə rus alimi Yampolski tərəfindən “Babək üsyanı” adı altında yazılmışdır. Hansı ki, bununla “Azərbaycanın milli qəhrəmanı” Babək haqqında mifin quraşdırılması prosesinə başlanmışdır. Rumyançev və Abbasov soyadlı alimlər də, Babək obrazının belə şərhini “milli qəhrəman” quraşdırılmasının ideoloji tədbiri kimi dəyərləndirmişlər. Buna qədər Babək Mixail Tomara tərəfindən sinfi mübariz kimi, həm də İran xalqnın qəhrəmanı kimi təsvir edilmişdir. Şnurelman adlı alimə görə, 30-cu illərin sonundan başlayaraq, Azərbaycan coğrafiyasından çıxmış tarixi şəxsiyyətlərin azərbaycanlaşdırılmasına başlanmışdır. Belə ki, bəzi alimlərin şərhlərinə görə, bu, ümumi “sovet millətçiliyi” siyasəti konteksində baş vermişdir. Bu da, bütün sovet respublikaları üçün “nəhəng ənənələr” kəşf edilməsinə xidmət etmişdir. Əvəzində bu cografiyada yetişmiş əsil qəhrəmanlar ya xalqdan gizlədilmiş, ya obrazları təhrif edilmiş, ya da xalqa yadlaşdırılmışdır. Babək obrazı milli qəhərəman kimi, ikinci dünya müharibəsi və sovet qoşunlarının İranın işğalı ilə bağlı daha da güclü eksplutasiya edilmişdir. Müharibədən bir qədər sonra akademik Z. Bunyadovun yazdığı əsərdə Babək obrazı dini-mistik qəhrəmandan real milli qəhramana transformasiya edilmişdir. SSRİ dağılma ərəfəsində Babəkin kürdləşdirilməsi və talışlaşdırılması uğrunda mübarizə başlamışdır(Bu dəfə ruslar artıq müstəqillik əldə etmək istəyən xalqımızın düşmənləri ilə bir cəbhədə durmuşdur).

Tarixi həqiqqət budur ki, Babək 9-cu əsrdə xürrəmilər hərakatının liderlərindən olub, uzun illər ərəblərə qarşı mübarizə aparmışdır. Babəkin milli kimliyini bir kənara qoyub onun mənsub olduğu təriqət haqqında qısa məlumat verək. Xürrəmilər kim olmuşdu? Ərəb dilində xürrəmi “xoşbəxtlik dininin tərəfdarları” mənasını verir. Bu təriqətdə olanların inamları məzdəkilik, xristian və islam qarışığından ibarət olmuşdur. Onlar Allahın peyğəmbərlərdə, sonra da onların liderlərində təcəlli etdiyinə inanmışlar. Xürrəmilər dörd dəfə ərəblərə qarşı üsyan etmişlər, hansı ki, Babək sonuncu üsyana başçılıq etmişdir. Babəkə aid edilən qırmızı bayraq isə ondan qabaq bu ad altında, baş vermiş xürrəmi üsyanının-qırmızı bayraqlıların adı ilə əlaqədar olmuşdu. Hansı ki, bu bayraq ondan bir əsr qabaq meydana çıxmışdır. Xurrəmilərin müasirlərinin səlnamələrindən məlum olur ki, onlar “qanqarşığı” kəbinində olmuşlar. Onlar sürəkli olaraq içki və əyləncə gecələri kecirmiş, çalıb oynamış, sonda isə işıqları söndürərək, hər kəs bir qadınla (kim gəldi) olmuşdur.

Xürrəmilərin ayrı-ayrı əxlaqı davranışlarına çox sonralar Babilərin, Nəxşibəndlərin və başqa təriqətlərin adətlərində rast gəlmək olur.

Babək haqqinda məlumatlarda əsas mənbə kimi ərəb və fars mənbələri ilə yanaşı erməni mənbələrindən də istifadə edilmişdir.

Koroğlu: Azərbaycanın dastan qəhrəmanı kimi tanınır. Əslində Koroğlu dastanı yalnız bizim yox, Anadolu və Orta Asiya türklərinin ortaq dastanıdır. Hər bir xalqda müxtəlif adlar altında meydana çıxmışdır. Dastanın ən qədim variant 1967-ci ildə Tiflisdə tapılmış və onun 1856-cı ildə yazıldığı müəyyən edilmişdir. Tiflis nüsxəsində, Koroğlu Səfəvi şahı I Şah Abbasa qarşı savaşan şəxs kimi təqdim olunur.

Koroğlunun Azərbaycan versiyası ilə bağlı məlumat erməni Arakel Təbrizinin (Təbrizyanın) yazdığı “Tarix” kitabından götürülmüşdür. Onun yazdığına görə Səfəvilərə qarşı üsyan edən cəlarilərin başçılarından birinin adi Koroğlu olmuşdur. Dastanda olan şerlər isə Cənubi Azərbaycanda yaşayan, tacir erməni Eliyas Müşeqin “Nəgmələr” kitabından köçürülmüşdür. B.A.Karrıyev yazır ki, Eliyas Müşeq İran şahı tərəfindən Rusiyaya göndərilmişdi. Ancaq Həştərxanda İranın gizli agenti kimi həbs edilmiş və topladığı “Nəğmələr” adlı dəftəri əlindən alınmışdı. Bu topluda Koroğlu barədə 1721-ci ildə erməni əlifbası ilə yazıya alınmış 13 qəhrəmanlıq nəğməsi olmuşdur. Həmin şerlər 1954-cü ildə İrəvanda, 1969-cu ildə Bakıda işıq üzü görmüşdü. Maraqlıdır ki, Eliyas Muşeqin nəğmələri yerli ağsaqqalların və xanəndələrin dilindən eşitdiyini qısa, izahatedici mətnlərdə bildirir və şerlərlə yanaşı verir. Onun qeydlərindən məlum olur ki, Koroğlu Osmanlı ölkəsinin dağ və meşələrində yaşamışdır. Başına topladığı çoxsaylı qaçaq atlılarla yollarda ağalıq etmiş, hərdən ötüb-keçən tacirləri basqınla soymuş, hərdən də özlərinin razılığı ilə onların pullarını əllərindən almışdır. Bu hadisələr Şah Abbasın və türk sultanı Muradın hakimiyyətdə olduğu zamanda baş vermişdir. Beləliklə, Koroğlunun Azərbaycan versiyasi iki erməninin məlumatlarından sintez edilərək ortalığa çıxarılmışdır(Hər iki ermənin yazdıqlarindan görünür ki, ermənilərdə türk düşmənçiliyinin kökləri daha qədimə gedib çıxır).

Koroğlu (Korun oğlu) türkmənlərdə Goroğlu (gor oğlu), özbək, qazax versiyalarında Qoroğlu (odun oğlu), tacik versiyasında Qurqulu (qəbrin oğlu) adlanır. Hansı ki, qızılbaşlarla mübarizənin başçısı kimi təsvir olunur. Azərbaycanda “Koroğlu” dastanının ilk nəşri 1913-cü ildə Orucov qardaşları mətbəsində Rza Zaki tərəfindən çap edilmişdir. Bu nəsrlə olan nəşrin titul vərəqi farsca yazılıb. Dastanın 14 qoldan ibarət daha mükəmməl və qoşmalarla zəngin digər bir variantı 1941-ci ildə Hümmət Əlizadə tərəfindən nəşr edilmişdir. Koroğlu dastanının tərtibində R. Təhmasibin də böyük rolu olmuşdur. Bu gün bizim Bakıda heykəlini ucaltdığımız Koroglu bizim millətin dövlətçiliyinə qarşı üsyan etmiş başqa bir millətin nümayəndəsi olmuşdur. Sovetlər bunu onun sosial ədalət uğrunda sinfi mübarizə aparması ilə pərdələməyə və bizdən gizlətməyə cəhd etmiş və buna müvəffəq olmuşlar.

Qacaq Nəbi-Həcər : Qacaq Nəbi haqqında ilk məlumat əsrin əvvəllərində M.Qorkinin “Qafqaz quldurları” adlı əsərindən məlumdur. Həmin yazıda Qaçaq Kərəm və Qara Nəbi haqqında bir-birinə əks xarakterli iki şəxs kimi söhbət açılmışdır. Bəziləri Qara Nəbinin Qaçaq Nəbi olmadığını iddia edir. Amma o dövrdə Nəbi adında yalnız bir qaçaq məlum oldugundan, Qara Nəbi elə Qacaq Nəbidir. Həmin yazısında Qorki Qara Nəbini olduqca mənfi, əxlaqsız bir şəxs kimi, Kərəmi isə çox müsbət şəxs kimi təsvir etmişdir.

Guya Qaçaq Nəbi haqqında xalq arasında şifahi şəkildə mövcud olan rəvayətlər, müəllifi bilinməyən şerlər 1960-cı ildə Əhliman Axundov adlı ədəbiyyatçı tərəfindən dastan halına salınmışdır. Həmin dastana Həcərlə bağlı boylar əlavə edilmişdir.

Şah Qacar-Vaqif: Bir-birinə əksilik təşkil edən bu iki kod -Azərbaycanın xilaskarı kimi Vaqif, işğalçı kimi Qacar – S.Vurğunun “Vaqif” dramından bizə tanışdır. Səməd Vurğun tərəfindən yazılmış “Vaqif” dramı hökumətin sifarişi ilə iki həftəyə 1937-ci ildə yazılmışdır. Burada Qacar fars kimi Azərbaycanı işgal etmiş, xalqımıza divan tutmuş müstəbid kimi, Vaqif böyük şair, dövlət xadimi, diplomat və öz xalqının müdafiəçisi kimi təsvir olunmuşdur.

Fərhad və Şirin kodu: Azərbaycan qadınlarının ismət simvolu hesab edilən ideal kimi Şirin, əməksevər kimi Fərhad kodu yaradılmışdır. Bu kodlar da, S.Vurğun tərəfindən hökumətin sifarişi ilə “Fərhad və Şirin” dramında 1941-ci ildə yazılmış əsərində işlənmişdir(Görəsən müharibənin ən ağır illərində sovetlərə nəyə görə bu əsər lazım olmuşdur?).

Əgər oxucular bütün bu elmi faktlara (bu faktlar ensklopediyalardan, həmin əsərlərin müəlliflərinin əsərləri ilə bağlı şərhlərindən götürülmüş təkzibedilməz faktlardır) diqqət etsə, görər ki, əvvala adı xalq dastanı olan bu əsərlər siyasi sifarişlə konkret müəlliflər tərəfindən yazılmışdır və Nəbi-Həcər kodları istisna olmaqla, Azərbaycan xaqı üçün sovet dönəmində seçilmiş Babək, Koroglu,Vaqif, Şirin, Nigar idealları haqındakı əsərlər təxminən eyni bir dövrə 1937-41-ci illərə təsadüf edir. Niyə?

Biz bunu aşağıdakı dörd səbəblə izah edə bilərik:

1. Ruslar II dünya müharibəsinin başlanması ilə bağlı azərbaycanlıları müharibədə iştiraka və fədakarlığa sövq etdirmək məqsədi ilə eyni ildə xalqımızı qəhrəmanlıq ruhunda kodlaşdırmağa başlamışdır.

2. 1937-ci ildə siyasi represiyaların və Almaniyanin SSRİ-yə hücümunun “sovet millətçiliyi” formalaşdırmaq ücün əlverişli zəmin təşkil etməsinə görə, sovetər Leninin milli siyasətinin ikinci hissəsini həyata kecirilməsini başlamışdır.

3. Xalqımızın haqqında həqiqi məlumata malik milli kimlik daşıyıcılarının demək olar ki, 1940-cı ilə kimi tam məhv edilməsi, həmin kodlaşdırmaya hər hansı bir müqavimətin meydana çıxmayacağının nəzərə alınması istənilən kodu müqavimətsiz qəbul etdirməyin mümkün olması və müharibə ərəfəsi, müharibə dövrü və peabilitasiya dövrünü-əhatə edən, 1937-50-ci illərdə həmin kodların təftiş edilməsinin istisna olunması və xalqın gözüyumulu həmin kodları qəbul edəcəyinə arxayınçılıq.

4. Yeni azərbaycanlı yetişdirməyin vaxtı və şəraitinin meydana çıxması.

Bizcə bu səbəblər birlikdə eyni dərəcədə həqiqqətə uyğundur. II dünya müharibəsində hər bir xalqı bu müharibəyə qoşmaq ücün həqiqətən də qəhrəman ideaları tələb olunurdu ki, Babək, Koroğlu, Vaqif, Nigar və Şirin kodlarının birinci funksiyası bu məqsədə xidmət etmişdir. Azərbaycanda milli kimlik daşıyıcılarının məhv edilməsi həmin ideallar haqqında xalqa həqiqəti çatdırmağın qarşısını almışdı. Əgər Salman Mümtaz kimi böyük alimimizi güllələməsəydilər, çox güman ki, erməni və rusların uydurma qəhrəmanlarını xalqa sırıması mümkün olmayacaqdı. Amma 37-ci il represiyalarından sonra Azərbaycan türklərinə süni kimlik geydirmək işi xeyli asanlaşmışdı. Hətta millətin türk adı dəyişdirilərək əvvəl Qafqaz tatarları, sonra azərbaycanlı olmuşdur. Əski əlifbadan latına, oradan da dərhal krill əlifbasina keçidlə nəsillərin öz tarixindən bəhrələnməsinin qarşısı alınmışdı. Buna görə ideallar Babək, Koroğlu və s. rus-erməni mənbələrindən götürülmüşdür.

Sovet idellarının gizlin siyasi funksiyaları xalqımızın təhtəlşürunda hansı məqsədlərə xidmət etmişdir?

Makavelli “Hökmüdar” əsərində yazır: “Bir xaqı məhv etmək üçün həmin xalqın adət və ənənəsini dəyişmək kifayətdir”. Sovet dönəmində yeni adət və ənənlərin yaradılması və xalqa yad adət və ənənlərin ona aşılanması əslində assimliyasiya siyasətinə xidmət edirdi. Sonra da yeni insan-sovet adamı meydana çıxırdı. Xalqların milli kimliyinin məhv edilməsi onların əxlaqının məhv edilməsindən başlayır. Bizə təlqin edilən sovet ideallarının hər birində milli əxlaqımızla əksilik təşkil edən elementləri görməmək mümkün deyil. Hələ 30-cu illərdə yazılmış C. Cabbarlının “Sevil” əsərində Balaşın ”Sevil sən əxlaqsızlıq edirsən?” sorğusuna Sevilin “Tutaq ki, edirəm” sözlərinin tamaşaçıların ayaq üstə sürəkli alqışlarla qarşılaması,”Almaz” əsərində bic doğmuş Yaxşı obrazının müsbət xarakter kimi təqdim edilməsi milli əxlaqa qarşı “səlib yürüşünün” başladıldığından xəbər verirdi. Qeyd edim ki, milli əxlaqın yaprıxdırılması ilə əxlaqsızlığın təbliği sonrakı dövrlərdə də davam etmiş və 60-ci illərdə Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərində, Təhminənin simasında başa çatdırılmışdır. Ədəbiyyata paralel sovetlər hicaba qadağa qoymaqla yanaşı, əxlaqsızlığı dövlət səviyyəsində müdafiə etmişdi. Belə ki, 30-cu illərdən başlanmış əxlaqsızlığı müdafə məhkəmələrinin işə düşməsi buna xidmət etmişdi. Azərbaycan məhkmə tarixində “Səkinə məhkəməsi” kimi düşmüş məhkəmənin bic doğduğuna görə onu öldürmüş atasının və qardaşlarının güllələnməsi haqqındakı qərarı, rəsmən dövlətin əxlaqsızlığa yaşıl işığın yandırılması mənasına gəlmişdir. Artıq xalqın “xürrəmi əxlaqı”nın daşıyıcısı olan Babəki qəhrəman kimi qəbul etməkdə problem qalmamışdı. Xürrəmilərin “qanqarışığı” kəbinində olması (birinci dərəcəli qohumlar arasinda-qardaşla bacı, ata ilə qiz, ana ilə ogul arasında intim münasibət, kişilər arasında arvadları dəyişdirmək) Azərbaycan türkünün kəbin ukladına və əxlaqı sisteminə əksilik təşkil etsə də, xürrəmilərin “müqavimətini” örnək götürən şəxslərdə buna paralel olaraq təhtəlşüur yolu ilə xürrəmi əxlaqının aşılanması baş vermişdir. Nəticədə Babəkin qəhrəman elan edilməsi paralel olaraq xürrəmiliyin əxlaqi dəyərlərinin mili əxlaqımıza nüfuz etməsini şərtləndirmişdir.

Bizim versiyamiza uyğun Koroğlu haqqında məlumatın erməni müəlliflər tərəfindən bizə verilməsini, başqa millətin nümayəndəsi olmasını, onun milli dövlətimizə-səfəvilərə qarşı savaşmasını bir tərəfə qoyaraq, onun əxlaqı kodu haqqında qısa şərh verək. Əvvəla, Bəzz qalasında slanaməçilərin təsvir etdiyi həyat tərzi yemək, içmək çalıb oynamaq, eyş-işarətlə məşğul olmaq Koroğlu dastanında təsvir olunmuş Cənlibel həyatı ilə analogiya təşkil edir. Hətta Babəkdən də bir qədər uzağa gedən Koroğlu özü aşıq kimi, çalıb oxuyan kimi təqdim olunur.

Ogurlanaraq Çənlibelə gətirilmiş qiz və gəlinlərin çoxsaylı dəlilər arasında necə yaşaması və onların həyat tərzi haqqında dastanda dəqiq heç bir məlumat yoxdur. Lakin Koroğlunun Eyvazla münasibəti milli əxlaqımıza zidd olduğunu dastanda açıqca görünür. Dastanın Moskvada çap olunmuş variantında, Koroğlunun Eyvaza cinsi məhəbbət göstərməsi, Azərbaycan variantında R.Təhmasib tərəfindən gizlədilməyə çalışılsa da, Koroğlu ilə Eyvaz arasında yaş fərqinin (onların arasında 9-10 yaş fərq olduğundan təbii şəkildə Koroğlu Eyvaza ata oğul münasibəti göstərə bilməzdi), onun Eyvaz haqqındakı nəğmələrinin motivini, Nigarın Eyvaza qısqanmasını, Eyvazı durna teli gətirmək adı altında təhlükəli səfərə göndərməsini və Koroğlunun buna görə, Nigarla mübahisə etməsini nəzərə aldıqda bu fakt təsdiq olunur.

“Vaqif” dramında S.Vurğun molla və siyasi xadim,”böyük şair” kimi tərənnüm etdiyi Vaqifin arvadı Xuramanın kəbində ola-ola xanla zina etməsinin və Vaqifin Xuramanın özünü öldürməsinə acıdığını ( ana dilində namus sözü olmayan rusların Puşkininin arvadının namusunu qorumaq üçün, Danteslə duelə çıxması və ölməsi ilə müqaisədə utancverici hal olmasına baxmayaraq ) təsvir etməsi bu əsərin milli əxlaqa əks əxlaqi dəyərlər aşılamaq məqsədi güddüyünü sübut edir. Qeyri-rəsmi məlumatlarda isə, Vaqifin Qarabağa qaçmasının əsl səbəbi, özünün Rusiya təhkimçilik hüququna uyğun “ilk geçə hüququndan” istifadə etməsi də məlumdur. Haşiyə çıxım ki, Rusiyanın tərkibinə keçəndən dərhal sonra həmin dövdə azərbaycanlıların əxlaqına qəsd rus siyasətinin tərkib hissəsi olmuş, hətta bu əxlaqsızlığı qələmə alan “Füsqu fücur həddən aşib Şişədə” deyən Zakirin arvadı, islam şəriətinə zidd olaraq, zorla bir rus proporşikinə ərə verilmişdir və bu, həmin dövrdə geniş şəkildə təcrübə edilmişdir. Ruslar öz təhkimci əxlaqlarını azad azərbaycanlıya tətbiq etməkdən çəkinməmişdir, cünkü ona kimi artıq (“Vaqif” dramında da göründüyü kimi ) zəmin hazırlanmışdı.

S.Vurğunun “Fərhad və Şirin” əsərində, atasına ərə getmiş Şirini ələ keçirmək üçün oğlun atasını öldürməsi səhnəsini təsvir etməsi də, əslində xürrəmi əxlaqının təbliğinə xidmət etmək məsədi daşımışdır. Deməliyik ki, hər iki əsər xalqa daha asan təsir etməsi üçün dalbadal Stalin mükafatına layiq görülmüşdür.

Qaçaq Nəbi haqqında Qorkinin yazdıqları bu idealın qəhrəmanlıq nümunəsi olmadığını deməyə imkan verir. Eyni ilə qaçaq Nəbinin həyatınının da bir çox məqamları qaranlıq olaraq qalmaqdadır.

Haşiyə çıxım ki, bu gün də bütün sivil ölkələrdə qadagan edilmiş ucuz əyləncənin-çal-çağırın, yeyib-içməyin Azərbaycanda geniş təbligi digər siyasi fəsadlarla yanaşı, özündə xürrəmi həyat tərzinin elementlərini daşıdığına görə milli əxlaqı pozur.

Beləliklə, yazdıqlarımızı ümumiləşdirsəm əslində sovet kodlarının bir sosial funksiyasının xalqın milli əxlaqını dəyişdirmək, onun ailə ukladını dağıtmaq məqsədi güddüyünü deyə bilərik.

Əslində bu da marksizm idealogiyası əsasında həyata kecirilmişdir. F.Engels “ Ailənin və dövlətin mənşəyi” adlı kitabında monoqom ailəni dövlətin prototipi kimi təsvir etmiş, onun isə qəbilə quruluşundan poliqamiya-qanqarışığı kəbindən imtina edilməsi ilə meydana çıxdığını sübut etmişdir. Göründüyü kimi, ruslar başqa millətlərin ailə ukladını dağıtmaq və onlara qanqarışığı-əxlaqsızlıq aşılamaqda, Poliqamiyaya sövq etdirməkdə siyasi məqsədi həm də, dövlət quruculuğundan uzaqlaşdırmağa xidmət etmişdir. Bu da rus dövləti üçün strateji hədəflərdən olmuşdur.

P.S. Sovet kodlar haqqında araşdırma aparakən çox maraqlı bir faktla qarşılaşdım. Mənim sosial kodlaşdırma problemi ilə bağlı məsələ qaldirmagımdan üc il qabaq, İdris İmanlı adlı yazarın “Yeni Cağ” AİA-nin saytında 08.01.2010 tarixli bületində “Üfürülmüş qəhrəmanlıq” adlı yazısına rast gəldim. Həmin yazı sovet kodlaşdırılması haqqında o qədər aydın deyilmiş fikirlərdən ibarətdir ki, yazını qisa ixtisarla oxucuların diqqətinə çatdırmağı lazim bilirəm:
“Cavanşir, Babək, Koroğlu, qaçaq Nəbi… Bu mərkəzdən millətə sırınan tarixi qəhrəmanlardır…
Cumhuriyyət zamanına qədər, Azərbaycan bir Çar əyaləti. Bu əyalət üçün xüsusi dəyər hazırlamaq cəhtləri yoxdur. İdarəedici hakimiyyət ərazilərə gəlir mənbəyi kimi baxır…
İlk öncə yüzilin əvvəllərində dəyər olaraq formalaşan dəyərlər var ki, bu dəyərlərdə də fərqlik hiss olunur. İslamın yadlaşdırdığı Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi… Bu mərkəzdən millətə sırınan tarixi qəhrəmanlardır…
İslamın yaddaşlaşdığı dəyərlərlə yanaşı yeni dəyər türk kimliyi və bu tarixlər üzərindən dünyanı qavramağa yönəlib. Osmanlı imperiyasının rolu, yeni düzənə canatan dünyada gedən proseslər gənc Azərbaycan düşüncəsinə unutdurulan dəyərləri gətirməyə meyillidir.
Sovet-bolşevik hakimiyyətinin ilk illərində dəyər savaşı arxa plandadır. Önəmli olan hakimiyyətin yerlərdə və mərkəzdə gücləndirilməsidir. Bu proses bitdikdən sonra dəyər istehsal edən institutlar bolşevik fəaliyyətinin mərkəzinə çevrilirlər…
Bu zaman artıq 30-cu illərin ikinci yarısıdır. Represiyaların əsas başlanğıc nöqtəsi budur… Yeni dəyər yaradacaq insan formalaşdırmaq…
30-cu illərin sonlarında Sovet Respublikaları üçün dəyər istehsal edən mərkəzlərin fəaliyyəti hər bir respublikada ciddi təhlil olunub və araşdırılaraq, qaranlıq suallara cavab verilib… Biz hələ də susuruq!!!…
Cavanşir, Babək, Koroglu,Qacaq Nəbi. Bu, mərkəzdən millətə sirinan tarixi qəhrəmanlardır. Bu, sıranı dolduracaq hələ nə qədər yalançı dəyər olaraq yaradılan yalan var. Kifayət qədər dəqiq və düşünülmüş taktika olan bu hərtəkat ilk öncə ədəbiyyata, sonra həyata gətirilməklə üfürülmüş şarları millətin keçmişinə calamaqla dəyər savaşında qələbə əldə edildi…
Bu gün Cavanşiri və yaxud Babəki dogrulari ilə millətə tanitmaq istəsən daş-qalaga səbəb olarsan. Atəşgahın bir hindli abidəsi olaraq, hind tacirlərinin ölülərini yandırdığı tarixini açıqlayanda gizli bir savaş başladılar mənə qarşı. Niyə?. Bilmədim.
1750 -ci illərdə hind tacirləri-moltanilar deyə tanınanların ölülərini yandırmaq ücün aldıqlari torpaqda- Suraxanida bir yer tikirlər, biz isə atəşpərəst kecmişimiz haqqinda fəxrlə danışıb və nümunə olaraq atəşgahi göstəririk və Zərdüşt tarixi abidə deyirik. Niyə?… Az qala Bakının simvoluna çevrilib Atəşgah. Bura bir hindli abidəsi desək görən nə olar? Və yaxud Koroğlu. Bu nə qəhrəmanlıq? Kimə qarşı savaşır? Kim bağlayıb bu dastani? Qacaq Nəbi dastanını bağlayan Aşiq Yusif bir daha sazını əlinə almayib bu dastanı bağlayandan sonra. ”Şərəfsiz Nəbiyə dastan bağladim, zorla məcbur etdilər”deyir sonra.
Doğru anlamaq lazımdır, mənim məqsədim qəhrəman obarazlarının varlıqlarına kölgə salmaq deyil. Sadəcə, süzgəc olaraq dəyər süzgəcindən kecirib, millətə qürürverici dəyərlər toplusu tanıtmağın zamanıdı.
30-cu illərdə bu dəyərləri yaradanların kimliyini araşdırsaq yəhudi,erməni və rus iş birliyindən yaranan bu qəhrəmanlıq tarixinin mahiyyətini anlayacayıq.
Bu savaş; qazanmay;nca, milli dəyərləri tam olaraq bərpa etməyincə xilas yoxdur deyirəm…”

P.P.S.Mən də deyirəm ki, millətin hamısı İdris İmanov kimi düşünmədikcə yeni dəyərlərə keçmək mümkün olmayacaq, bu o deməkdir ki, biz müstəqil dövlət, azad və ədalətli cəmiyyət yarada, itirilmiş torpaqlarımızı geri ala, milli kimliyimizlə qürur duya bilməyəcək, başqa xalqlarla tarixi rəqabətdə həmişə məğlub olacağıq.

Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri