Şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdirildi

sexsiyyet-vesiqesinin-formasi-ve-verilme-muddeti-deyisdirildi
Oxunma sayı: 1066

Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulur ki, 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır. Onu sözlərinə görə, şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.

Əli Hüseynli qeyd edib ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

“Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çip) yuxarıda qeyd olunan məlumatlarla bərabər, şəxs soyadını və adını dəyişibsə, əvvəlki soyadı və adı, vətəndaşın doğulduğu yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın valideynlərinin adı və soyadı, vətəndaşın ərinin (arvadının) soyadı, adı, uşaqlarının adı, soyadı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və s. məlumatlar daxil ediləcək”, - o deyib.

Həmçinin qanuna dəyişiklikdə qeyd olunur ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

Bu hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 ay müddətində şəxsiyyət vəsiqəsini verən orqana müraciət etməlidir.

Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilməlidir.