Söyüş söyən qonşum tonqaldan tullananda…

soyus-soyen-qonsum-tonqaldan-tullananda
Oxunma sayı: 4214

Günel Hacı

Axşam marketdən lazım olan bir-iki şeyi alıb evə tələsirdim. Çiskinli yağış eynəyimin şüşəsini örtə-örtə beynimdə bir fikir fırlanırdı- “Marketdə tapmadıqlarını məhəllə dükanından almağı yaddan çıxarma!” Nəsə son günlər yaman hərdəmxəyal olmuşam.

Bu fikirlərlə yenicə binaya sarı dönmüşdüm ki, gur bir işıq gözlərimi qamaşdırdı. Bayaqkı küçədə olan sakitlik və qaranlıq tonqal ətrafına toplaşanların hay-küyü ilə əvəzləndi. Düzü, əvvəlcə tonqalın niyə qalandığını düşündüm. Havanın soyuqluğu martın gəlişini ağlımdan tamam çıxarmışdı. Bu günün Od Çərşənbəsi olduğu da küləyin üstümə vurduğu qığılcımlardan qaçanda yadıma düşdü.

Kənardan baxanda mənzərə gözümə yaman gözəl göründü. Mənə xoş gələn nə göyə qalxan alovun dilimləri, nə də üstündən yarım-yamalaq tullanan insanların qışqırıqları idi. Bakıda yaşadığım 5 il ərzində ilk dəfə bir-birlərinə qonşu deyib ürəkdən gülən adamlar görürdüm. Qınamayın, bizim qarşımızdakı qonşunun hələ hansı rəngdə olduğunu bilmirəm. Bircə dəfə işığımız sönəndə səsimizə hay verib, o da ki, qapının arxasından. Hə, bir də uşaqlarına hərdən söyüş, qarğışını eşidirik. Novruzda risk edib qapısını pussam, yaxın üç ildə ərə getməyi unudum gərək.

Qısacası, demək istədiyim odur ki, bu paytaxtda hələ qonşuluq deyə bir şey görməmişəm. Bütün bu səbəblərdən varlığından bixəbər olduğum çərşənbədə sükutu və qaranlığı pozan o qığılcımlar bütün əhvalımı dəyişdi.

Uşaq vaxtı qalamaq istədiyim tonqallar elə də uğurlu alınmasa da, hər dəfə xatırlayanda üzümü güldürür. İlk dəfə 7-8 yaşlarımda qonşuluqda bəyəndiyim oğlan üçün tonqal qalamışdım. Babamın inəklərə ayırdığı yaş otu tonqal deyə tüstülətdiyim üçün ikimiz də iyim-iyim iylənirdik, həyətdə göz-gözü görmürdü. Evdəkilərin qorxusundan da qonşuya qaçmışdım, zorla evə gətirmişdilər. Bu dəfə bir xəta törətsəm qaça biləcəyim qonşum olmadığından tonqalı sakitcə kənardan izlədim. Eybi yox, hələ iki çərşənbə qabaqdadır. İndi tonqal başında qonşularımı tanıdım, gələn dəfə də evinə qaça biləcəyim birini taparam...