Sumqayıtdakı ağacları kökündən çıxardılar

sumqayitdaki-agaclari-kokunden-cixardilar-
Oxunma sayı: 632

Hadisə barədə xəbər tutduqdan sonra ekologiya nazirliyi ilə əlaqə saxladıq və nazirliyin operativ reaksiyası nəticəsində qanunsuz olaraq ağacları budamış İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən, vətəndaş Rzayev Telman Bəylər oğlu barəsində akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunmuşdu. Amma görünür, nazirliyin cərimə sanksiyası həmin vətəndaş üçün yetərli olmayıb. Çünki həmin vətəndaş pul qazanmaq xatirinə ekologiyaya qənim kəsildiyini bir daha sübut edib və onu cərimələyən nazirliyə özünəməxsus tərzdə cavab verib. Əgər həmin gün 1,5-2 metr hündürlükdə budanmışdısa, indi həmin ağaclar kökündən çıxarılıb və yerləri torpaqla doldurulub.

Hadisə ilə bağlı Milli.Az-ın əməkdaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladı və həmin ağacların dibindən çıxarıldığını bildirdi. O, məsələnin yenidən araşdırılacağını dedi və bizi nazirliyin Ətraf Mühitin Mühafizəsi Şöbəsində sektor müdiri vəzifəsində çalışan Raqub Mirzəyevlə bağladı.

Raqub Mirzəyev isə öz növbəsində qeyd etdi ki, həmin ərazi nazirlik tərəfindən nəzarətə götürüləcək və orada heç bir tikinti işlərinin aparılmasına yol verməyəcək.

R.Mirzəyev qeyd olunan məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Polis İdarəsi və Şəhər Memarlıq İdarəsinə müvafiq məktublar göndəriləcəyini bildirdi. Onun sözlərinə görə, məktublarda yuxarıda adı çəkilən qurumlar tərəfindən də nəzarətə götürülməsi və yeni ağacların əkilməsinin təmin olunması tələb olunacaq.

Bəs nazirlik tərəfindən görülən tədbirlər ölkə ekologiyasına qənim kəsilmiş Rzayev Telman Bəylər oğlunun qarşısını ala biləcəkmi? Bunu, əlbəttə ki, zaman göstərəcək.

Onu da qeyd edək ki, Sumqayıt şəhərinin ekologiyası şəhərdə fəaliyyət göstərən kimya zavodları və fabrikləri ucbatından onsuz da ürək açan səviyyədə deyil. Bu cür insanların sayəsində ekologiyamıza və sağlamlığımıza daha çox ziyan vurulur.