Təcili yardım edin!

tecili-yardim-edin
Oxunma sayı: 3741

Sahilə İbrahimova

Təcili tibbi yardımı yığıram. İnsafən, ikinci zəngdən sonra dəstəyi qaldırırlar. Depressiyadan əziyyət çəkən birinə necə kömək edə biləcəklərini soruşuram. Operator (hər zamankı kimi qadındı, heç kişi təcili yardım operatoru görmədik) isterik hal yoxdursa, bu tip xəstəyə psixoterapevtin yardım edə biləcəyini, lakin onlarda bu cür xidmətin, bu sahə üzrə mütəxəssisin olmadığını bildirir. 

İsterik hal varsa adamı ruhi əsəb xəstələri dispanserinə göndərmək mümkünmüş. Mən “adam indi, bu dəqiqə intihar həddindədirsə, nə etməli” sualını verirəm, cavab əvəzinə telefonu üzümə bağlayırlar. Bayram günüdü. Gecə saat 12-di. Evdə təkəm. Gecə eksperimentimi gecikmiş yazımın günahını yumaq üçün keçirirəm. Təcili yardıma son ünvan kimi yığmışam, öncə internet üzərindən açar sözlər yazıb çıxılmaz vəziyyətdə olan birinin xilası üçün gərəkən məlumatlar toplamağa çalışmışam; “kömək edin. Xilas edin. İntihar edirəm, qaynar xətt...” və s. Azərbaycan dilində məlumat yoxdur demək olar. 

Bayram günləri özünü öldürənlər, intihara cəhd edənlər başqa vaxtlarla müqayisədə çox olur. İnsanların öz bədbəxtlikləri fonunda başqalarının xoşbəxtliyini rahat izləyə bilmirlər. Bayram günləri təklik və çarəsizlik böyüyür, nəhəngləşir. Bütün bayramlarda, sevinc görüntülərinin çox olduğu günlərdə dayanmadan tənha insanları düşünürəm desəm yalan olar. Davamlı olmasa da, yadıma düşürlər amma. Bəzən sosial şəbəkə üzərindən onlara çatmaq, daha dözümlü olmalarına bir az yardım etmək istəmişəm. Elə dərdlər var ki, insan onların öhdəsindən tək gələ bilmir. Bu, əsla zəiflik sayılmamalıdı. Hər kəs bu duruma düşə bilər. 

Bayram günü kütləvi xoşbəxtlik rəsmi (həqiqi və ya saxta) çəkilir ölkələrin üzünə. Bu şəklin bir parçası ola bilməyənlər özlərini fərsiz hiss edirlər, yaxud böyük itkilər qarşısında bədənləri və zehinləri üzərində idarəetməni itirirlər. İnkişaf etmiş ölkələrdə dərd danışmanları olur. İnsanlar böyük itkiləri olanda bir müddət bu cür mütəxəssislərlə paylaşırlar həyatlarını. Dərdli insan klubları təşkil edilir və s. Emosional gərginliyi olanlar bu toplantılarda həmdərdlilərini görürlər, dünyanın sevinə bilməyən yeganə adamı olmadıqları üçün qismən rahatlaşırlar. 

İnsanlar nə fiziki, nə əqli baxımdan dünyanın heç bir yerində emosional gərginliyə, qəfil itkiyə lazımı qədər hazır deyillər. Bu mövzu bir çox müasir elmi işlərdə, sosial-psixoloji araşdırmalarda işlənir. Ölkələr məsələnin bu tərəfi inkişaf edənə qədər insanları xilas etmək üçün əldə olan vasitələrdən yararlanırlar Məsələn, təcili yardım xidmətləri intihar həddində olan adamlarla bağlı suallara cavab verir, telefon üzərindən olsa belə onlara bir dilim ümid verməyə çalışırlar. Səhiyyə nazirliyi bu məqamlar üzərində düşünsə yaxşı olar. İnsanların təkcə fiziki deyil, həm də ruhi təcili və təxirəsalınmaz yardıma ehtiyacları olur. 

Təcili yardımın bu yanaşmasından sonra düşündüm bəlkə intihar fövqəladə hal olduğu üçün Fövqəladə hallar nazirliyindən kömək umum. Onlar da durumla tanış olub belə xidmət göstərmədiklərini, sorğunu 102 xidmətinə ünvanlaya biləcəyimi bildirdilər. 102-dən bu cür yardımı almaq möcüzə olardı, ona görə sorğunu dayandırdım və ölkəmizdə tənha, dərdli, intihar həddində olan insanlara təcili yardım edəcək qurum olmadığına qərar verdim. 

Novruz tətilinin son günü yuxudan üzbəüz qonşumuzun “yanğın” deyib qapımızı döyməyinə ayıldıq. Blokun tüstü ilə dolduğunu, hamamda qısaqapanma olduğunu anlayıb, Fövqəladə halları yığdım. Çox erkən olsa da, operator qız olduqca ayıq səslə bircə ad-soyadımı, bir də ünvanı soruşdu. (Təcili yardıma zəng vuranda min sual verilir. Xəstənin yaşı, cinsi... Yanında can verən adam varsa, bu suallara cavab vermək çox çətin olur.)  

9 dəqiqədən sonra dörd yanğınsöndürən maşın həyətimizə girdi. Yüngül yanğın idi deyə tezliklə lazımi tədbirlər görüldü və maşınlar getdi. Belə operativlikdən məmnun qalmamaq olmur. 

Güvənmək və qorunmaq əla hissdi. Sadəcə başım yenə dinc durmadı. Yaxşı xidməti mükəmməlləşdirmək də olar deyə düşündüm. Uşaq vaxtı baxdığımız 911 xidməti ilə bağlı çəkilən serialda maşınlar ünvana çatana qədər operator qadın köməyə ehtiyacı olan adamlara telefon üzərindən məsləhətlər, göstərişlər verirdi. FHN operatoru da yanğın, yaxud digər fövqəladə hallar ilə üzləşən insanlar az zərər görsün deyə komanda hadisə yerinə çatana qədər danışığı davam etdirsə, hadisənin xarakterinə uyğun tövsiyələr versə daha güclü xilasedici olar. 

Mənim intihar həddində olan xəyali qəhrəmanım isə yalnız insanlara ümid edə bilər, yoxsa ölməlidi. Emosional köməyə ehtiyacı olanlar isə insanlardan kömək istəməyi bacarmalıdırlar. Küçələr, dalanlar kömək etməyə hazır insanlarla doludu. İnanın! Unutmayın! Buna şübhə etməyin! Şablonlar hələ də doğrudu. İnsanlıq ölməyib. O yaşayır. Və yaşadır.