Test sisteminin ləğvinin nəticəsi

test-sisteminin-legvinin-neticesi
Oxunma sayı: 3811

Azər Qismət

1989-cu ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmaq niyyətilə sənədlərimi təqdim etdim. Güman edirdim ki, qəbul olunaram, çox hazırlaşmışdım. Qəbul ola bilmədim. Çünki biletdəki suallara cavab verəndən sonra müəllimlərdən biri altda “tapşırılanların” siyahısına nəzər salıb adımı orada görməmişdi. 17 yaşlı oğlanı kəsməyə nə vardı ki. Ağzına gələn sualı verirsən və yollayırsan kəndinə. Sual verdi ki, “ İlin bu vaxtında Boliviyada nə əkirlər?”. Cavab verə bilmədim və göndərildim taleyin ümidinə.

1989-cu ildə evə qayıtdım. Utandığımdan çölə-bayıra çıxa bilmirdim. Hər zillənən nəzərdən üşənir, hər pıçıltıdan qaçırdım. Mənə elə gəlirdi ki, tində duranlar, avtobusda gedənlər imtahandan kəsilməyimi müzakirə edirlər. Atamın üzünə ümumiyyətlə baxa bilmirdim. Onun istəyinə qarşı çıxıb sənədlərimi İnşaat İnstitutuna təqdim etməmişdim. Məndən inciyib danışdırmadı.

“Eybi yox, gələn il girərsən” ürək-dirəklərinin arxasında da kinayəli məqamları hiss edirdim. Bəlkə də ürəklə deyirdilər. Ancaq bir rüşvətxor müəllim “Boliviyada nə əkirlər” sualı ilə qol-qanadımı kəsmişdi. Böyük tikinti idarəsində baş mühəndis işləyən atamın tövsiyəsi ilə fəhləliyə getdim. Məvacibimi toplayıb əlavə kitablar aldım. Qəlbimdə “eybi yox, növbəti dəfə daxil olaram” deyib gecələrimi gündüzlərimə qatdım. Hərdən qohumlardan eşitdiyim sözlər həm ümüdimi kəsir, həm ruhlandırırdı. Müxtəlif adamların sözlərini çatdırmaqla barəmdə deyilənlərdən xəbər tuturdum: “Həsənağanın oğlu yenə girməyəcək”, “Ondan oxuyan olmaz”, “Onunku elə fəhləlikdir, getsin betonunu qarışdırsın”. Bəlkə də mənim oxumağıma yönəli effektiv üsuldan istifadə edirdilər. Bəlkə də sadəcə deyilənləri çatdırırdılar. O illərdə keçirdiyim mənəvi sarsıntılar bunu təhlil etməyə imkan vermirdi.

Qar yağdı. Sular buzlaşdı. Yaz gəldi, çiçəklər açdı. Yay gəldi, yanağımız qızardı. Nəhayət, növbəti imtahan sessiyası gəlib çatdı. Ümumi dünyagörüşə dair imtahanda ötənilki müəllimdən heç də fərlənməyən biri daha altdakı siyahıya baxmadı. Parta arxasından onlara yaxınlaşana qədər gizli prosesi həyata keçirib qurtarmışdı. Artıq Boliviyada nəinki nə əkilib-becərildiyini, o cümlədən həmin ölkənin sakinlərinin dərisinin rənginə qədər oxuyub öyrənmişdim. Futbol üzrə Meksikada keçirilmiş dünya çempionatından tutmuş Avstraliyadakı kenquruların kisəsinin diametrinə qədər sual verdi, mən də cavablandırdım. Hər cavabdan sonra fısıltısını üzümdə hiss etdiyim müəllim soruşdu ki, “Nikaraqua inqilabçısı Daniel Orteqanın gənclik arzusu nə olub?”. Dedim “o, indi də gəncdir”. Qayıtdı ki, “dilini uzatma, cavab ver”. Dedim “futbolçu olmaq istəyib”. Bu dəfə fısıltısı üzümü yalayıb keçdi. Və bu “yalayıb keçmə” prosesi mənə baha başa gəldi.

Onun növbəti sualı ilə yenə də kəsildim. Sual verdi ki, “Qaradağ sementinin tərkibi nədən ibarətdir”. Bu dəfə mən fısıldadım və dodağımın altında mızıldandım ki, “mən İnşaat institutuna deyil, jurnalistikaya gəlmişəm”. Müəllim az qaldı oturduğu nimdaş stuldan tullanıb tavana dəysin: “Jurnalistika fakültəsi sənin kimi ədəbsiz birinin yeri deyil”.

Yenə də rayona qayıtdım. Bu dəfə möhürümü dəqiq vurdular: “Vəssalam, onun kitabı bağlandı”. Çox üzüldüm, artıq daha hazırlaşmaq istəmirdim. Kitablara baxıb saatlarla fikrə gedirdim. Yenidən fəhləlik etdiyim tikintiyə qayıtdım. Hətta fəhlələr də söz atırdılar. Əgər ötən il universitetə daxil olacağıma dair ümüdləri var idisə və buna görə arada hələ xətir-hörmət saxlayırdılarsa, bu dəfə atmacalarını kəskinləşdirdilər. Artıq onlara elə gəlirdi ki, sıralarına daha biri - betonqarışdıran qoşulub.

Həmin il – yaydan qışa qədər günümü avaralıqla keçirdim. Yemək-içmək məclislərindən, səhərə qədər tüstülü videozallardan çıxmırdım. İş o yerə gəlib çatmışdı ki, bir-iki nəfərə qoşulub “razborka”lara gedirdim. Hətta başımı “Zinger” tikiş maşınından tutmuş ilan zəhərinin axtarışına qədər təhlükəli işlərə soxurdum.
Bəlkə də içimdə vicdan hissi oyanmasaydı, tale məni haralara aparıb çıxaracaqdı. Yenə kitabları qarşıma töküb hazırlaşdım. Və nəhayət üçüncü ilin yayı gəlib çatdı. Artıq universitetin müəllimləri məni tanıyıb zarafatla deyrdilər ki, “sən elə bura gələ-gələ qocalacaqsan” Az qala Lomonosova dönmüşdüm. “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filminin təyyarədə sənədini itirən sərnişini kimi üzümü saqqal basmışdı. Budur, bütün imtahanlardan keçdim və qəbul oldum. Bir il sonra ölkənin bütün Ali məktəblərinə imtahanlar test üsulu ilə keçirildi.

Bütün bunları yazmaqda məqsədim odur ki, əgər mənim dövrümdə imtahanlar test sistemi ilə keçirilsəydi, elə birinci il Ali məktəbə daxil olardım. Daha bu qısa ömrümüzün iki ilini itirməzdim. Daha o atmacaları, kinayəli sözləri eşidib mənəvi zərbə almazdım. Az qala kriminal dünyanın bir üzvünə çevriləcək gənci Allah saxladı. Az qala depressiyaya düşüb ömürlük bataqlıqdan çıxa bilməyəcəkdim.

Ləğv etməyin test sistemini. İnanın ki, neçə min gənc mənim yaşadıqlarımı yaşayacaq.