Təzə naziri yuxumda gördüm

teze-naziri-yuxumda-gordum
Oxunma sayı: 4250

Raminə Eyvazqızı

Həmişə məktəbdə müəllimlərin danışığına fikir verənəm. Müəllimin savadı, təcrübəsi, davranışı, o ağzını açan andan bəlli olur. "Məktəb" sözünü, hər cür tələffüz edən gördüm. "Məətəb", "məytəb", "məytəf". Sonuncu formada deyənlərdən biri elə ana dili, ədəbiyyat müəllimi (artıq "müəllimə" demirik) idi. Onun sözlərin deyilişi və yazılışı məsələsində uşaqlar qarşısında nə "əziyyət" çəkdiyini də düşünürdüm. Dialekti vardı, dili belə öyrəşmişdi, təzədən loqoped yanına gedəsi deyildi ki. 

Elə hey düşünürdüm ki, həm də repititor olan müəllim ali təhsilə yiyələnmək istəyənləri bu mövzuda çaşdırmaz ki, görəsən. Test sualları arasında orfoqrafiyaya dair suallar da düşür axı. İndi anladım ki, o boyda ürəkyanmaları boşuna etmişəm. Bir iki ilə dərslik "qayıran"lar üçün  yeni orfoqrafiya qanunlarının tətbiqi üçün imkanlar yaranacaq, bu vaxta qədər yazılmış nə var idisə, o ağılda olanların kefinə görə dəyişəcək. İndiyədək yazdıqlarımızı bəyənməyib korrektə edəcəklər ki, sözləri düz yazmamısız. Hərf dərdinə düşənlər, "hərif" sözünü yaraşdırmazlar da özlərinə. "Ac həriflər" yox, "yazıq hərflər".

Bəlkə, "təhsil"  sözünü də "təsil" kimi yazıb deməyə gərək var, yoldaşlar! "H" kimə lazımdı axı? Onsuzda "təhsil"i  özü kimi tələffüz edən yoxdur. Sadəcə "nazirlik" sözündəki "a" ilə işiniz olmasın. "Nəzirlik" çox təhlükəli ola bilər. Az qala unutmuşduq, iki aya yaxındır, təhsil sistemi nazirsiz keçinir. Heç elə bil eks-nazir işindən getməmiş kimi. Əslində səriştəli olduğu 4 ildə də onu ürəyimiz istəyən kimi görə bilmədik. Bir dəfə qaçış marafonunda səmimi imkan yaranmışdı, onda da qaçan adama təhsil problemindən sual verməyin heç yeri deyildi. Adam elə hey qaçdı da.

***

Yuxuda təzə naziri gördüm. Üzünü tam seçə bilmədim, amma müsbət enerjisini aldım. Necə gündür, başımda gəzdirdiyim sualı verdim ona. Soruşdum ki, bu uşaqlara 4 gün tətil verilirsə, bunun yanında bu qədər tətil tapşırığı nəyə gərək? Tətil dincəlmək demək deyilmi? Axı gündə-gündə bu yersiz tətillərin mənası, məqsədi nədir? Cavab gəlmədi. Cavab üçün yamanca ümidlənmişdim.

Amma arzum budur, gələcək təzə nazir məktəb vaxtlarını unutmayan, keçmişini danmayan, dilə gətirən biri olsun. Məktəbdə çıxarılan hər qayda, hoqqa üçün valideynlərin maraqları, fikirləri öyrənilsin. Uşaqlara şeir əzbərləməkdən, esse yazmaqdan çox, mədəniyyət, mərhəmət, hörmət öyrədilsin! Nazirlikdə yaxşı kadrlardan qalıbsa, onları xaricə göndərib əcnəbi təhsil sistemləri haqqında məlumat istəsin. "Finlandiya, Almaniya məktəblisi niyə dərsdən bezmir" sualına cavab tapsınlar. 

Məktəbdə peşə seçimi ilə bağlı dərnəklər açılsın, valideynlər "pulgətirən peşələr"i uşaqlara sırımasınlar deyə,  məktəblilər bacarıqlarına görə kəşf olunsunlar. Dərsdə suallara qəsdlə cavab verməyən, şagirdini pulla öyrətməyə təşviq edən müəllimlər araşdırılsın. Məktəbdə kişi müəllimlərin sayı artırılsın, "müəllim -qadın peşəsidir" stereotipi dağıdılsın. Uşaqların şikayətləri də müəllim şikayətləri qədər dinlənilsin. Məktəbli çantaları yüngülləşdirilsin. Yersiz dərs vəsaitləri, çap məhsulları yığışdırılsın. Məktəbin yeməkxanasında çoxlu və ucuz qiymətə meyvə, tərəvəz satılsın. Uşaqlar bir birinin evindən gətirdiyi qoxulu naringi, portağala həsrətlə baxmasınlar. Valideyn komitəsi adı ilə işləyən "pulyığan" təşkilatı ləğv edilsin. Müəllimlərin və şagirdlərin vaxtaşırı psixoloji müayinəsi aparılsın. Hələlik bu qədər. İstədiyim çox şey deyil ki. Yetirsin bizə, pərvərdigarımız!