Uşaq oyuncağından mətbəx qaşığına…

usaq-oyuncagindan-metbex-qasigina
Oxunma sayı: 662

Dünya Sakit

Bu günlərdə idxal statistikamızla yaxından tanış olmaq imkanım yarandı. Kənara möhtac olduğumuz məhsulların siyahısı o qədər uzun ki, baxıb qurtarmaq olmur...

Son illərdə ərzaq təhlükəsizliyi ilə bağlı ərzaq məhsullarının idxalı həmişə gündəmdə olub: bu və ya digər məhsulun daxildə istehsalını qurulması imkanları müzakirə olunub.  Lakin bizim idxaldan asılı olduğumuz elə məhsullar var ki, əlverişli şərtlər olmasına rəğmən, onların yerli istehsalının indiyədək qurulmaması çox böyük həcmdə pulların ölkədən kənara axmasına şərait yaradıb.

Bura ilk növbədə neft-kimya sənayesinə bağlı məhsulları aid etmək olar. O məhsullar ki, ötən 10 illik bir dövrdə ən yüksək səviyyədə genişlənən tikinti-təmir, xidmət sektorlarında gen-bol istifadə olunub. O məhsullar ki, əhalinin ən kasıb təbəqəsindən tutmuş, milyarder oliqarxlara qədər – hər kəsin gündəlik istifadəsindədir. Evimizin, həyatımızın bütün guşələrində var – işdə, evdə, məktəbdə, baxçada, qapı-pəncərədə, döşəmədə, tavanda, hamam-tualetdə, mətbəxdə, həyətdə.

Statistikadan bəzi maraqlı rəqəmlər: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkəyə 1530,2 min dollarlıq 460,9 ton, 2015-ci ildə 2660,58 min dollarlıq 2786,03 ton, 2016-cı ilin 9 ayında isə 36,39 min dollarlıq 9,19 ton plastik kütlədən yemək və mətbəx qabları idxal olunub. Qeyd olunan dövrdə plastik kütlədən digər məişət əşyaları və ev ləvazimatlarının idxalı müvafiq olaraq 2622,9 min dollarlıq 1307,4 ton, 2492,53 min dollarlıq 1786,37 ton, 165,67 min dollarlıq 40,23 ton təşkil edib. Plastik kütlədən hazırlanmış dəftərxana və məktəb ləvazimatlarının idxalı 2014-cü ildə 542,2 ton(988,7 min dollar), 2015-ci ildə 741,51 ton(728,76 min dollar), 2016-cı ilin 9 ayında isə 16,88 ton(33,06 min dollar) təşkil edib. Bundan əlavə, plastik kütlədən hazırlanan və müxtəlif sahələrdə istifadə olunan qablaşdırma məhsullarının idxalının həcmi də min tonlarla ölçülür. 

İdxal statistikamızdakı ciddi problemlər üzündən ötən ilədək əksər məhsullar üzrə idxal həcmi və gətirilən malların dəyərinin reallıqda olandan qat-qat aşağı qeydə alındığı hamıya məlumdur. Ötən il idxal statistikasındakı bu problemin demək olar ki, tamamən aradan qaldırılması nəticəsində bir sıra məhsullar üzrə qiymətlərdəki fərqlər ictimai müzakirələrə də daşındı. Bu baxımdan, yuxarıda qeyd etdiyim idxal həcmlərinin, həmçinin ona sərf olunan vəsaitlərin heç də reallığı əks etdirmədiyini, real rəqəmlərin rəsmi statistikadakından ən azı 1 dəfə yüksək olduğunu nəzərə almaq lazımdır. 

Azərbaycanda gec də olsa, plastik və polimer əsilli məhsulların istehsalına təkan verəcək müəssisə yaradılır. Söhbət Sumqayıtda qurulmaqda olan “SOCAR Polymer” müəssisəsindən gedir. Bu müəssisənin istehsal edəcəyi xammaldan onlarla, bəlkə də yüzlərlə məhsulun istehsalını qurmaq mümkündür. Əldə etdiyim məlumata görə, Ələtdə yaradılan Azad Ticarət Zonasında SOCAR Polymer-in xammalı əsasında plastik məmulatların istehsalı zavodunun qurulması nəzərdə tutulur. Lakin bir müəssisə ilə daxil tələbatı tam təmin etmək, əlbəttə ki, mümkün deyil. Bu baxımdan, hökumət başqa müəssisələrin də yaradılması üçün sahibkarları stimullaşdırmalıdır – hamıya bərabər şərtlər, bərabər hüquqlar, bərabər öhdəliklər mühiti yaratmaqla. 

Yeri gəlmişkən, SOCAR Polimer-in məhsulu ilə yerli istehsalın qurulması mümkün və çox da gəlirli ola biləcək sahə uşaq oyuncaqlarıdır.  Hazırda Azərbaycanda belə oyuncaqların ən ucuzu İrandan gətirilənlərdir – heç bir mexanizmi olmayan kiçicik bir maşının qiyməti 4-5 manat aralığında dəyişir. Ondan bahalısı zəif və tez sıradan çıxan Çin mexanizmli maşınlar 9-10 manatdır. Eyni məhsulun Türkiyə və Avropa istehsallıları isə 20-25 manatadır. Çevrəmizdəki ailələrin xərclərinə baxdıqda aydın olur ki, evində uşağı olan bir ailənin plastik oyuncaqlara sərf etdiyi illik məbləğ 200-300 manat aralığında dəyişir. Bu, minimal məbləğdir, imkanlı ailələr üzrə rəqəm 1000 manatlarla ölçülə bilər. Azərbaycanın özündə bu qədər geniş bazarı olan məhsulun istehsalını qurmaq güman edirəm ki, yerli və ya xarici sahibkarların diqqətindən qaçmayacaq - əlbəttə ki, keyfiyyət amili nəzərə alınmaqla. Uşaq oyuncaqları bütün dünyada haramlıq qatılmayan bəlkə də yeganə sahədir – keyfiyyətsiz məhsul körpələr üçün həyati təhlükə yarada bilər. Bu üzdən, istehsal edənlər daim keyfiyyətə böyük önəm verirlər. SOCAR Polymer-in istehsal edəcəyi xammalın keyfiyyətli olacağı gözlənilir – həm ən müasir avadanlıq və texnologiyalardan istifadə olunur, həm də keyfiyyətlə bağlı standartların tətbiqinə önəm verilir. Keyfiyyətli xammaldan keyfiyyətsiz məhsul istehsal etmək ümid edək ki, kiminsə ağlına gəlməyəcək.