Vahid məktəb forması – Müəllimlər üçün

vahid-mekteb-formasi-muellimler-ucun
Oxunma sayı: 1559

Paytaxtın bir çox məktəblərində şagirdlər vahid forma geyindiyi kimi, müəllimlər də dərsə vahid geyimdə gəlir. Belə məktəblərdən biri də Səbail rayonu Tofiq Məmmədov adına 239 saylı məktəbdir. Məktəbin direktorundan tutmuş, bütün müəllimlərə qədər hamı ümumi geyim tərzi formalaşdırıb və məktəbə bu qiyafədə gəlməyə qərar veriblər. Qadın müəllimlər qara ətək, ağ köynək, kişi müəllimlər isə qara şalvar, ağ və mavi rəngli köynək geyirlər.

Müəllimlər geyimlərində, yalnız saya olmaqla ağ-qara-mavi rənglərdən istifadə edə bilər. 239 saylı məktəbin direktoru Sədaqət Əzimova deyir ki, bu hələ ilkin mərhələdir. Müəllimlər arasında fikir ayrılığı olmadığından məktəb rəhbərliyi hamı üçün eyni geyim forması tikdirməyi fikirləşir. Bakı şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızının sözlərinə görə, paytaxtın 10 məktəbi artıq vahid müəllim formasına keçib. Bu təşəbbüs Bakı şəhər Təhsil İdarəsi tərəfindən irəli sürülüb və bir çox məktəblər tərəfindən müsbət qarşılanıb. Bir sözlə, vahid müəllim formasına keçmək məcburi xarakter daşımır. Zəminə Əliqızı onu da bildirib ki, müəllimlərin vahid geyim formasına keçməsi şagirdlər arasında da müsbət qarşılanır. /ANS/