Vokalçıların müsabiqəsi keçiriləcək

vokalcilarin-musabiqesi-kecirilecek
Oxunma sayı: 819

Bu ilin 4-7 iyun tarixində Bakıda Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbül adına Vokalçıların VII Beynəlxalq müsabiqəsi keçiriləcəkdir.

“Qafqazinfo” xəbər verir ki, müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulmuşdur.

Müsabiqənin seçim turları 4-7 iyun 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcəkdir. 4-6 iyun tarixində müsabiqənin I və II turları, 7 iyun tarixində isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcəkdir.

SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19.00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19.00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq