Xaçmazda zona müşavirəsi keçirilib

xacmazda-zona-musaviresi-kecirilib
Oxunma sayı: 886

Aprelin 19-da Xaçmazda keçirilən zona müşavirəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan intensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

"Qafqazinfo" xəbər verir ki, zona müşavirəsində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan fermerlər, ailə-kəndli təsərrüfat sahibləri, iri heyvandarlıq komplekslərinin, istehsal və emal müəssisələrinin nümayəndələri, kənd təsərrüfatı idarələrinin, süni mayalama və baytarlıq idarələrinin mütəxəssisləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində regionda fəaliyyət göstərən iri heyvandarlıq komplekslərinin və emal müəssisələrinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib. Ailə-kəndli təsərrüfatlarının sahiblərini və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.

Zona müşavirəsində Respublika Süni Mayalama Mərkəzində çalışan beynəlxalq məsləhətçinin iştirakı ilə müasir quruluşlu mobil laboratoriya, xüsusi təyinatlı maye azot daşıyan avtomobil və digər avadanlıqlar da nümayiş etdirilib.

Müşavirənin sonunda rayon kənd təsərrüfatı idarələrinin heyvandarlıq sektorunun mütəxəssislərinin “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində heyvanların qeydiyyatının aparılması üzrə bacarıqlarının artırılması məqsədi ilə məşq və təlim keçirilib.