“Xarici fəhlə ilə azərbaycanlı fəhlənin əmək haqları arasında fərq var”

xarici-fehle-ile-azerbaycanli-fehlenin-emek-haqlari-arasinda-ferq-var
Oxunma sayı: 652

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlərdə çalışan işçilərin sosial hüquqları, əmək haqları sahəsində müəyyən nöqsanlar var. S.Mehbalıyev qeyd edib ki, işçinin əməyinə görə, əmək haqqı təyin edilməlidir: “Xarici şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyirəm. Ancaq biz istəyirik ki, bu şirkətlər orda çalışan işçilərin bu və ya digər şəkildə sosial hüquqlarının qorunması, onlara lazımi şəraitin yaradılması, layiqli əmək haqqının alınması məsələlərinə diqqət yetirsinlər. Məsələn, xarici mühəndis, xarici fəhlənin aldığı əmək haqqı ilə azərbaycanlı fəhlənin əmək haqları arasında fərq var. Yəni beynəlxalq əmək konvensiyalarında da belə ayrı-seçkiliyə yol verilmir. Əməyə görə əmək haqqı təyin edilməlidir. Lakin bizdə təəssüf ki, bu sahədə müəyyən problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Əlbəttə ki, mən xarici şirkətlərin fəaliyyətini tənqid etmirəm. Bu şirkətlər Azərbaycana sərmayə qoyub pul qazanır. Lakin burdakı insanların istirahətinin təşkilinə, onların problemlərinə də yer ayrılmalıdır”.

AHİK sədri şirkətlərin gəlirlərinin bir hissəsini işçi kollektivinin problemlərinin həllinə yönəltməsinin vacibliyini vurğulayıb.