““Yalanın” səmimiliyinə inandım...” – “Ləyaqət düsturu”

yalanin-semimiliyine-inandim-leyaqet-dusturu
Oxunma sayı: 1685

“Qafqazinfo” “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin bu yaxınlarda çap olunan «Ləyaqət düsturu» adlı hekayələr kitabı barəsində Rövşən Yerfinin yazısını təqdim edir:

“Natiq Məmmədlinin bu günlərdə çap olunmuş “Ləyaqət düsturu” adlı kitabı yeni kitablar arasında hər bir mənada bənzərsizliyi ilə diqqətimi cəlb etməyə bilmədi. Kitabdakı hekayələri oxuduqca üzümə elə bil çoxdan qəribsədiyim “gilavar” əsdi. Könlümü bir çox cavan yazıçıların bəyənmədikləri, ağız büzdükləri “köhnə üslubun” (belə yazı tərzini mən köhnə deyil, klassik üslub adlandırardım) tanış, xoş təhkiyəsi rahatlandırdı. Müəllifin özünəməxsus kaloritli dili, hekayələrin novella sayağı ibrətamiz sonluğu, mətləbin obrazların dili ilə ifadə edilməsi xüsusilə diqqətəlayiqdir. Demək, oxucunu cəlb etmək üçün yenilik adı altında heç bir əndirəbadiliyə: erotikaya, açıq-saçıqlığa, jarqona və yaxud filosofluq etməyə, yunan əsatirlərini, Kafkanı, Nitsşeni xatırlatmağa ehtiyac yox imiş. İçərisində yaşadığımız kütlədən, onun sadə, ömrünü ləyaqətini qorumağa sərf edən insanlarından yazmaq oxucunu “özükününləşdirməyə” kifayət edərmiş. Natiq Məmmədlinin hekayələrindəki müsbət qəhrəmanlar məhz belə adamların surətlərdir.

Bu hekayələrdə gündəlik həyatımızda rastlaşdığımız həqiqətlər, insan xislətinin dəyişməz naqislikləri, gerçəkliklərlə barışmayan, lakin onu dəyişməyə gücü çatmayan xeyli xarakterlər təsvir olunub. Kitabdakı (18 hekayə verilib) “Kloun”, “Beş atanın ögey oğlu”, “Yaxşı anaların oğulları”, “Balaca məmurun təbriki”, “Dolma”, “Oğru”, “Babamın ordenləri” və sair hekayələr süjet xəttinin dinamikliyi, obrazların rəngarəngliyi ilə bir-birindən fərqlənsə də, hamısının kökündə kimsənin təkzib edə bilmədiyi acı reallıq durur.

“Mənim birinci yalanım” hekayəsi mənə gəncliyimi xatırlatdı. Mənim də ilk yazdığım məqalə, mətbəədəki həmin “qoryaçi” sex, Saşa, Əbdül kişi, gecələr nəşriyyatdan çıxan anlarım gözlərimin önünə gəldi, “yalanın” səmimiliyinə inandım...

“Bütün maymaqların yükü” hekayəsi də oxucunu düşündürən hekayələrdən biridir. Dünyada hər şeyin ağa-qaraya, müsbətə-mənfiyə bölündüyü kimi insanların da maymaqlara və əclaflara ayrılması həqiqətə uyğun müşahidədir. Amma, sən demə maymağın əclaf olması elə də asan deyilmiş, onun da öz çətinlikləri, əzab və əziyyətləri varmış...

Aktuallığı ilə fərqlənən “Ləyaqət düsturu” hekayəsi isə heç də nahaqdan birinci seçilməyib. Şərəf və ləyaqətin qiymətləndirilməsindən bəhs edən bu hekayə son dövr ədəbiyyatımızda unudulmuş bir mövzunu – ləyaqət mövzusunu yaddaşımıza qaytardı.

Bildiyimiz kimi kapitalizmin həyatımıza daxil olması ilə mənəviyyatımızda yeni dəyərlərin, baxışların əmələ gəlməsi baş verdi. Kapitalın, maddiyyatın fəallaşması mənəviyyatın, ləyaqətin olduğundan bir az da arxa mövqeyə keçirilməsini qüvvətləndirdi. Bu səbəbdəndir ki, zamanın güzgüsü olmalı ədəbiyyatımızda uzun illərdir ləyaqət mövzusu gərəksiz mövzulardan birinə çevrilmişdir. Səhv etmirəmsə haqqında danışdığımız mövzuda son tanınmış əsər xalq şairi Bəxtiyar Vahabzadənin səksəninci illərdə yazdığı “Ləyaqət” poeması olmuşdu.

“Ləyaqət düsturu”nu oxuduqca düşünürsən: görəsən ləyaqəti ölçmək olarmı? Ümumiyyətlə, insanın ləyaqəti neçə ölçülür?

Azərbaycan dilinin izahlı lüğətində dilimizə ərəb dilindən gəlmiş ləyaqət sözünün mənası belə açıqlanır: İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin (qabiliyyət, bacarıq, istedad) məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissi...
Bu yüksək mənəvi keyfiyyətin qiymətini hansı düsturla müəyyən etmək olar? Əslində müəllif hekayə vasitəsilə ləyaqəti ilə alver edənlərə, məhkəmə yolu ilə ona qiymət qoyub gəlir götürmək istəyənlərə “tərs sillə” vurmuşdur. Çünki, iddia nəticəsində “ziyanı ödənilən” ləyaqətsizlik şərəfsizliyə gedən yolun başlanğıcıdır. Belə yolun bağlanmasını, ənənəyə çevrilməməsini istəyən yazıçı isə hekayələrin oxucuda yaratdığı təəssüratlarla müsbətə mütləq dəyişilməyin zərurətini anlatmağa çalışmışdır.

Mən bütün oxucuları, ən çox da dünyanı dərk etməyə can atan yeniyetmələri “Ləyaqət düsturu” adlı hekayələr kitabını oxuyub zövq almağa, düşünməyə dəvət edrəm...”