Zövq almağı bacarmaq

zovq-almagi-bacarmaq
Oxunma sayı: 1758

Xuraman Hüseynzadə

Yaşlı şairlərdən biri danışırdı: “Bir dəfə yağış yağırdı. Mənsə piyada yol gedirdim. Yağış haqda misralar gəldi ağlıma. Təbim coşub-çağlamağa başladı. Belə məqamlar üçün cibimdə gəzdirdiyim bloknotu çıxardım. Bir ağacın altına çəkilib ağlımdakı misraları bloknota yazıb bitirmişdim ki, böyrümdən sürətlə keçən maşın sir-sifətimi, üst-başımı batırdı palçığa. Gözlərimə düşən palçıq topası həyatımı zülmətə çevirdi. Qaldım göz həkimlərində. Əməliyyat olundum. O vaxtdan eynək taxır və yağışa nifrət edirəm.”

Dünəndən yağış yağır. Palçığa, çirkli suya bata-bata gedəndə, böyrümüzdən keçən maşın üst-başımızı bulayanda yağışa şairanə yanaşmağı unuduruq. Axı bu təbiət hadisəsinin romantik tərəfi də var... Ayağımız suyun, üst-başımız palçığın içində olarkən necə zövq ala bilərik yağışdan? Qar yağanda yenə elə. Təbiət üzümüzə baxıb köhnə illərin qışlarını gətirmir bizə. Bu şəraitsizliklə bütün qışı qarda, şaxtada necə keçirə bilərdik, görəsən?

Yaz yağışının gözəlliyindən yenə zövq ala bilmədik. Gölməçələrin üstündən hoppanmağa məcbur olan adamlar bu şəraitsizliyə göz yuman aidiyyatı qurumları haqlı olaraq günahlandıırır.

Biz niyə heç nədən zövq ala bilmirik?

Niyə təbiətin bizə ərməğan elədiyi gözəlliklərdən zövq ala bilmirik?

Yağış yağır-deyinirik. Qar yağır-gileylənirik. Külək əsir, günəş çıxır- yenə o cür.

Avropadakı payızla Bakıdakı payızın fərqini əks etdirən fotolar paylaşmışdılar feysbukda. Dəhşət idi. Bu qədər pullar sərf olunur-asfaltlar çəkilir, yollar təmirə dayanır, yağışa olan nifrətimiz bitmir ki, bitmir. Başdansovdu görülən işlərin səfasını da çəkənlər var, cəfasını da...

Bizi niyə deyinməyə məcbur edirlər?

İşdə əsəb, evdə əsəb... Pulsuzluq, kasıblıq bir tərəfdən əzir insanları, məsuliyyətini başqaları çəkməli olan şəraitsizlik də o biri tərəfdən.

Evimizin yanından keçən yola qonşular pul yığıb asfalt çəkdirmişdi. O pulu zülmlə qazananlar vardı. Uşaqlarının əynindən, boğazından kəsib palçığa batmamaq üçün yolu düzəltdirmişdilər.

Bu qədər problemlər varkən bir də yollarınmı dərdini çəkməliyik?

Təbiətin nə günahı var? O, öz “missiyasını” yerinə yetirir.

Kaş ki, insanlar da öz vəzifəsini bu cür dəqiqliklə icra edəydi.

O zaman yağışın romantikasını, qarın gözəlliyini hiss edə bilərdik...