Ölüm və narkotika mahnıları

-olum-ve-narkotika-mahnilari
Oxunma sayı: 3468


Sovet dövründə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində ara mahnıları ilə bağlı ciddi tədbir görülməsi qərara alınıb. Və bununla bağlı tapşırıq verilib: “Bu mahnıların hansı səsyazma studiyasında yazılması araşdırılmalıdır; o mahnıları ifa edənlər barədə ölçü götürülməlidir”. Bir müddətdən sonra həmin səsyazma studiyaları aşkar edilib. Ara mahnılarını ifa edənlərə qarşı ciddi şəkildə xəbərdarlıq olunub. 

Əslində, o illərdə səsyazma studiyaları indiki qədər çoxluq təşkil etmirmiş. Ona görə də onları tapmaq çox da vaxt aparmayıb. Məlum olub ki, bəzi studiyalar, sadəcə, əlavə pul qazanmaq məqsədilə efirlərə düşə bilməyən müğənnilərlə kommersiya məqsədilə kiçik biznes qurublar. O illər efir komissiyaları görkəmli mədəniyyət və incəsənət xadimlərindən ibarət olduğundan şərtlər çox ağır imiş. Hər müğənni o şərtlərə cavab verə bilmirmiş. Və heç də hamısı efirə düşə bilmirmiş.

Bəs, Dövlət Təhlükəsizlik Komitəsi hansı səbəbdən ara müğənnilərinə sadəcə xəbərdarlıq etməklə kifayətlənib? Məsələ burasındadır ki, o illərin ara müğənniləri özlərinin “sənət əsərləri”ndə partiya plenumlarında, beşilliklərdə qəbul edilən vəzifələrə qarşı çıxmayıblar. Nə də gənclərin əxlaqını pozan sətirlərə yer verməyiblər. Məsələn, o illərdə məşhur olan və bu günümüzə qədər gəlib çıxan “Cəmilə” mahnısındakı sətirlərin sadəliyinə fikir verin: 

Cəmilə, qızım Cəmilə,

Mənim ağ göyərçinim, 

Cəmilə, mənim kədərim,

Cəmilə, mənim sevincim. 

Yaxud, məşhur “Elnarə” mahnısını götürək. Həmin ara mahnısını ifa edən (indi o mahnıları əməkdar və xalq artistləri ifa edir) Aydınçikə o illərdə pis baxanlar, indi anlayırlar ki, əslində, o dövrün gizli məhsulları indikilərdən daha maraqlı, şux və səviyyəli olubmuş. 

Bəs, hər gün evdən çıxıb ictimai nəqliyyatdan istifadə edərkən sürücülərin yüksək səslə qulaqlarımızı dəng etdikləri müasir ara mahnılarında nə təbliğ edilir? Əsasən bunlar:

1. Ölüm; 

2. İntihara cəhd elementləri; 

3. Narkotika;

 4. Spirtli içki; 

5. Alfonsluq (varlı qadının hesabına yaşamaq); 

6. Pedofiliya; 

7. Vətənə nifrət və xaricə qaçmağa istiqamətləndirmək. 

Qeyd edək ki, belə mahnılar “Arif” prodakşn, “Nurlan” prodakşn, daha nə prodakşnların adları ilə başlanır, özü də “eksklyuziv olaraq” sözləri ilə. 

İndiki ara mahnıları çox kobud səslə ifa edilir, özü də mütləq onu ifa edənin “hallı” olması nəzərə çarpmalıdır. “Hallı” olması nəzərə çarpmasa fanatlar qulaq asmır və uca səslə əhalinin qulağını dəng etməkdən imtina edirlər. “Hallı”lıq incə məsələdir. Özü də belə mahnıların heç bir məntiqi əsası yoxdur və birdən-birə 10-15, hətta 20-25 mövzunu əhatə edə bilər. Məsələn, son günlərin dəbi sayılan bir ara mahnısından bəzi sətirləri diqqətinizə çatdırırıram. Mahnı sintezatorun yüngül akkordları ilə başlanır və bir qızın əks-səda verən səsi eşidilir. “Arif Prodakşn eksklyuziv olaraq təqdim edir”. Daha sonra bir qardaş (səsindən hiss olunur ki, bir büküm “Kazbek”i elə indicə tüstülədib) kobud səslə möhtəşəm və dünya musiqi xəzinəsinə hədiyyə ola biləcək kəlamlarına başlayır:

Avarayam, dəymə mənə, 

Biçarəyəm, dəymə mənə, 

Bir şey ikimizi güclə gördü.

Avarayam, biçarəyəm və birdən “bir şey ikimizi güclə gördü” cümləsi. Heç dəxli var? Bu sətirlərdən aydın olur ki, qardaş avaradır və ona dəyəni param-parça etməyə hazırdır. Üstəlik, “bir şeyin iki nəfəri güclə görməsi” də onu çox əsəbləşdirib. Daha sonra qardaşa çox pis dəm gəlir və cümlələri hellavayi vıyıldadır:

Mənə gələn isti tər tək, sənə gələcəm, 

Mən necə dözdüm axı,

Yıxılardı, ölərdi mənim yerimə kim olsa.

“Sənə gələcəm” ifadəsindən aydın olur ki, müğənni qardaş öz sevgilisini nəzərdə tutur. Əgər Markes sağ olsaydı cümlənin belə möhtəşəmliyinə heyran qalar, həmin qardaşı Kolumbiyaya dəvət etməzdi, özü durub ayağına gələrdi. “Mənə gələn isti tər tək sənə gələcəm” ifadəsi hələ çox yazıçıları dilxor edəcək. Onlar bu ifadədən sonra intihar edəcəklər və yazdıqları son məktub belə başlanacaq: “Biz onun kimi bacarmadıq”. Yəni, o qardaş kimi bacarmadıq. Ancaq başqa sətirdən məlum olur ki, onun sevgilisi evli qadın imiş. 

İndi sən ağla, 

Yuxuda sayıqlama, yoldaşın öldürər səni,

Sevgilim, ayrı şey öyrət mənə. 

Məlum olur ki, onun sevgilisi gecələr yatanda sayıqlayır və qardaş onun sayıqlamasından çox dilxor olub. Birdən sayıqlayanda adını çəkər və əri bu qardaşı tapıb birtəhər edər. Amma burada “sevgilim, ayrı şey öyrət mənə” sətirləri də nəsə məxfi əməliyyatdan xəbər verir. Məlum olur ki, sevgilisi ona nələrisə öyrədirmiş və qardaş indi yenisini istəyir.

Mahnının ardınca isə hansısa səbəbdən Vətən yada düşür. “Avara” ilə başladı, “isti tər tək” sevgisinə doğru getdi və birdən Vətən? 

Neynirəm, səni neynirəm, 

Nədir ki, bir can?

Vətən sağ olsun. 

Vətənin hardan ortaya çıxması anlaşılmazdır. Əslində, qardaş müğənni insanları tapmaca tapmağa dəvət edir. Oturun və fikirləşin ki, “mən nə demək istəyirəm?”. Adamlar da oturub fikirləşirlər, qəm dəryasına batırlar və sonda beynin yatmış neyron yuvaları oyanır. 

Mahnının sonu isə Eyşteynin “Nisbilik nəzəriyyəsi”ni ötüb keçir və “Təkamül nəzəriyyəsi”ni yaradan Darvin sağ olsaydı bu sətirlərdən dönüb meymun olmağa cani-başla razılıq verərdi. Diqqətlə fikir verin. Müəllif dünyanın heç bir xalq yaradıcılığında olmayan tapmacanı ixtiyarımıza verir: 

Dəli aşiqdə bir şüur var, 

Mən neylədim, mən neylədim. 

Burdan məlum olur ki, dəli aşiqdə də şüur olurmuş. Və bu son sətir adamları əllərinə çənələrinə qoyub daim fikirli olmağa məcbur edir, gecə-gündüz düşündürür ki, “görəsən, o, nə demək istəyir?”. 

Ara mahnılarının şah əsəri “Balacam, səni özüm alacam”dır. Bu ara mahnısında açıq-aşkar pedofilya sərgilənir:

Səbr elə, balacam, 

Səni özüm alacam. 

Məlum olur ki, onun sevgilisi hələ balacadır və həddi-buluğa çatmayıb. Amma ərə getmək istəyir. Sətiraltı da olsa hiss edilir ki, heç bir oğlan özünü işə salmaq istəmir. Yalnız bu qardaş ortaya çıxıb deyir ki, “səbr elə, səni özüm alacam”. Ancaq, bu qardaş da qorxusundan birtəhər olub, sadəcə, qanuna görə qızın həddi-buluğa çatmasını gözləyir: “Səbr elə balacam” o deməkdir ki, “mən sənə görə gedib içəridə yatan deyiləm”. Ancaq, mahnının mahiyyətini əvvəlki ara mahnısı təki tutmaq burda da çox çətindir. Məsələn, belə:

Səbr elə, balacam, 

Səni özüm alacam,

Yanında qalacam,

Yuxuda görərsən. 

“Səni özüm alacam” hara, “yuxunda görərsən” hara. 

Sonda bildirək ki, indiki ara mahnıları, sadəcə, gənc nəslin tərbiyəsini pozur. Və bunun qarşısını almaq çətin olsa da, nəsə etmək lazımdır.