“Orion”un Ay missiyası başlayır

orionun-ay-missiyasi-baslayir
Oxunma sayı: 448

Bu gecə “Orion” kosmik gəmisinin “Artemis II” Ay missiyası çərçivəsində buraxılışı baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, kosmik gəminin buraxılışının ABŞ vaxtı ilə bu axşam saat 18:24-ə (Bakı vaxtı ilə 2 aprel 02:23) planlaşdırılır. 

Missiya çərçivəsində 4 nəfərlik ekipaj 10 gün ərzində Ayın ətrafında dövrə vurub Yerə qayıtmalıdır. “Orion”un ekipajı Rid Uayzman, Ceremi Hansen, Kristina Kox və Viktor Qloverdən ibarətdir. Bununla da, Qlover Ay missiyasında iştirak edən ilk afroamerikalı, Kox isə ilk qadın astronavt olacaq. 

Qeyd edək ki, bu, 1972-ci ilin dekabrında “Apollon-17” gəmisinin Yerin orbitindən kənara çıxmasından sonra ilk analoji missiya olacaq. 

“Orion”un bu dəfəki buraxılışı ABŞ-nin yeni Ay proqramı tarixində ikinci mərhələ olacaq. Belə ki, proqramın birinci mərhələsi (“Artemis I”) 2022-ci ilin dekabrında başa çatıb. Həmin vaxt “Orion” pilotsuz sınaq rejimində Aya uçuş həyata keçirib, onun orbitində bir neçə həftə qaldıqdan sonra Yerə qayıdıb. Proqramın üçüncü mərhələsi - “Artemis III” isə insanların 50 ildən artıq müddətdən sonra ilk dəfə Aya çatdırılmasını təmin etməlidir.